Close

Saf bal kimi süzülən doğma ANA DİLİMİZ

Təbrizə gecə gec çatdığımız üçün yaxşı görə bilməmişdim. Səhərin gözü açılmamış pərdəni aralayıb, baxanda donub qalıram. Doğrudanmı mən tariximizə şahidlik edən Təbriz şəhərindəyəm? Əgər belə idisə, nə üçün binaların, mağazaların üzərində yazılan heç bir sözü başa düşmürəm? Başa düşmək bir yana qalsın, fars dilində olan yazıları üzündən də oxuya bilmirəm.

Qürbətdəykən duyulan ağrısız sızıltının təsiri ilə qanım qaralır.

Pərdəni açı həqiqətin üzünə bağlayıram. Elə bu vaxt qonşu otaqdan səs gəlir.

“Ay bala, börkünü başına geyin, eşiyə o cür cıxma”.

Qonaq qaldığım evin xanımı övladına səslənir. Gözlə görünməyən gercəyin otağa dolan ilıq nəfəsi buzları əridir. Doğma Ana dilimiz binaların üzərində yazılmasa da, xalqın dilindən bal kimi süzülürdü...

Qədim şəhərimizin səmimi sakinləri ilə ünsiyyətdə olduqca, buna bir daha əmin oluram. Bu gün, yəni fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Builki Beynəlxalq Ana Dili Gününün mövzusu bu əlamətdar günün 25 illik yubileyinə həsr edilir. İndi dünyada olan 8324 dildən çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq təhülkəsi ilə üzləşib. Beynəlxalq Ana Dili Gününün 25-ci ildönümü mədəni irsin qorunmasında, təhsilin təkmilləşdirilməsində və daha sülhsevər cəmiyyətlərin təşviqində dilin qorunmasının vacibliyini vurğulayır. Mədəni irs hər bir xalqın öz keçmişini, bənzərsizliyini qoruması üçün vacibdir. Təhsilin təkmilləşdirilməsi isə bu günümüzün və gələcəyimizin inkişafıdır. Nəhayət, insanların rahat yaşayıb yarada bilmələri üçün sülhsevər cəmiyyətlərin varlığı danılmazıdr. Bütün bu amillərin fonunda dilin qorunmasının əhəmiyyəti ön plana çıxır.

Təəssüf ki, doğma dilimizin bizə bəxş olunmuş nemət olduğunu çox zaman unuduruq. Övladlarının rus bölməsində təhsil almasını, ingilis dilini yaxşı bilməsini arzu edənlər, bunun üçün çalışanlar çoxdur. Başqa dilləri bilmək yaxşıdır, amma öz doğma dilini mükəmməl bilmək şərtilə. İnsan tanıdığı, dərk etdiyi zaman sevməyə başlayır.

Bu gün biz körpəlikdən uşaqlara başqa dildə danışmağı, düşünməyi aşılayırıqsa, doğma dili ikinci plana atırıqsa, əlbəttə o, dilinə aşiq ola bilməyəcək. Sevmədiyi üçün onun incəliklərini öyrənməyəcək.
Hisslərini ifadə edə bilmək üçün ən birinci dilin Ana dili olduğunu anlaya bilməyəcək. Hərdən bir bəhanə irəli sürürük.

Rus bölməsində təhsil daha yaxşı səviyyədədir, uşaqlar daha diribaşdır, yaxud da başqa dil bilmək gələcəkdə onlara daha yaxşı imkanlar açacaq və s. Biri düşünür ki, başqa dilləri öyrənə bilməyən başın sahibi ancaq kənd yerində təsərrüfatla məşğul olmalıdır. Amma bir həqiqət unudulur. Hər hansı bir dili bilmək, hələ sənin o sahədə mütəxssis olmağın demək deyil. Dil bilmək məsələnin texniki tərəfidir. Məsələn, sən kompüterdə yazmağı bacarırsan, amma nə yazacağını bilmirsən. Bu gün uşaqlara başqa dilləri öyrətməklə yanaşı, doğma dilində bilik əldə edə biləcəyi kitabların, mənbələrin sayını artırmalıyıq. Mükəmməl tərcümələrlə xarici mənbələrdən rahat istifadəsini təmin etməliyik. Övladlarımız xarici dilləri öyrənmək üçün sərf etdikləri zamanın yerinə müasir elmi bilikləri öyrənməyə yönəldilməlidir. Müzakirəyə qoşulan tərəflər bir-birini günahlandırır. Biri rus dilinə qahmar çıxır, digəri Türkiyə türkcəsini doğma dil kimi bağrına basır. Amma bir həqiqət unudulur. Türkiyədə yaşayan türklər belə, bu gün doğma dilimizdə qədimdən qalan gözəl sözlərimizdən birini eşidəndə gözləri dolur. Azərbaycan türkcəsi, nə qədər ərəb, fars və s. dillərin təsirinə məruz qalsa da, gözəldir, zəngindir. Mübahisə etməkdənsə, Türkiyə və Azərbaycanda hələ də qorunub saxlanılan sözlərin istifadəsilə əsərlər yazılmalı, dilimizin gözəlliyi qabardılmalıdır. Buna məcburuq. Allahın yaratdığı hər bir insan dünyanı öz doğma dilində daha gözəl anlayır. Uca Allah buyurur: “Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf, 1-2).

Adətən, bu ayə “hər birimiz Quranı ərəb dilində oxumalıyıq, kimi izah olunur. Amma açıq-aşkar başa düşməyin vacibliyi önə çəkilir. Başa düşmədiyimiz, hiss etmədiyimiz kəlmələrlə ruhumuza siqnalı necə ötürə bilərik?

İran Prezidenti Məsud Pezeşkianın Təbrizdə Azərbaycan türkçəsində Məhəmmədhüseyn Şəhriyardan şeir oxmasını xəbərə çeviririk. Bəlkə də soydaşlarımızla bir yerdə milyonlarla insan bu kəlmələrdən vəcdə gəlir, gözləri yaşarır.

Heydərbaba, igid əmək itirməz,
Ömür kecər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Gorəmməsək, halal edin bizləri.

Çünki bu kəlmələr doğma Ana dilimizdədir. Eyni anda hamımızın ruhuna toxuna bilir, çünki bizə doğmadır, əzizdir.

Təsadüfi deyil ki, Şəhriyarın “Heydərbabaya salam” şeiri milli birlik marşına çevrilib. Sadədir, bizi bizə olduğumuz kimi nəql edən BİZİM dilimizdədir.

İran ərazisini gəzən səyahətçilərin videolarına baxanda insan bəzən təəccüblənir. Ucqar bir səhrada, dağ başında gözə dəyən insanların hamısı Azərbaycan türkcəsində danışır. İraqda doğma dilimizdə danışanlar azdırmı? Təsadüfi deyil ki, professor Firudin Ağasıoğlu ortaq dil kimi doğma dilimizi önə çəkir. Dilimiz gözəldir, kifayət qədər çox insan bu dildə danışır.

Nəhayət, Güney Azərbaycanda xalqın öz doğma dilində təhsil hüququ omalıdır. Azərbaycanımızda başımızın tacı doğma dilimiz olmalıdır. Mağazalarımız, digər xidmət sahələrimiz adları gözəl kəlmələrimizdən seçməlidir. Dilimizidə uşaqlar üçün maraqlı cizgi filmləri, kionalar, verilişlər hazırlanmalıdır. Dili qorumaq üçün söz döyüşünə çıxmaqdansa, işimizi elə qurmalıyıq ki, selin gətirdiyi çör-çöp dilimizin saflığına ziyan vurmasın.

Yeri gəlmişkən:

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…

– Qar yağırmı?

– Elə yağır… sazaq qılınc tək kəsir…

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur… amma yuxu getmir gözünə.

Bu bir neçə misralıq şeirdə insanın xəyalında bir filmlik mənzərə canlanır.

Biz bu doğmalığı, bu kövrəkliyi başqa hansı dildə oxuduğumuz şeirdə hiss edə bilərik ki?

Aygün