83 tələbə, 15 müəllim - İki ölkənin “çətir universiteti”

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından 1 il ötür.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.
Hazırda universitetdə nə qədər tələbə təhsil alır? Ali məktəbdə neçə nəfər müəllim çalışır?
Bu barədə TNS-ə Türkiyə–Azərbaycan Universitetinin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.
Bildirib ki, Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir: “Hazırda Türkiyə-Azərbaycan Universitetində 3 ixtisas üzrə (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) ümumilikdə 83 tələbə təhsil alır. Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, Türkiyə-Azərbaycan Universiteti Türkiyənin 3 , Azərbaycanın isə 1 universitetinin tərəfdaşlığı ilə yaradılıb. Bunlar Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ), Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetidir (AzTU).
Ali məktəbdə 15 müəllim fəaliyyət göstərir. Müəllim heyəti Türkiyənin tərəfdaş universitetinin müəllimlərindən formalaşıb”.
Qeyd edək ki, universitetdə tədris ingilis dilindədir.
Aygün