Kiçik çillə sabah başa çatır - Hava soyuyacaq, qar yağacaq...

Fevral ayının əvvəlində başlayan kiçik çillə sabahdan başa çatır Daha mülayim olan böyük çillədən fərqli olaraq, kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada sərt, həyatı donduran qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir.
AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi Atəş Əhmədli TNS-ə bildirib ki, qışın ən sərt dövrü kiçik çillə hesab olunur. Belə ki, kiçik çillə yaza doğru getməsinə baxmayaraq, çox soyuq keçir.
O qeyd edib ki, kiçik çillədən sonra boz ay başlayacaq. Boz ay Novruz bayramı ilə birlikdə başa çatır.
İnama görə, kiçik çillə daxil olduğu kimi, çıxanda da havada dəyişiklik yaradır. Lakin bu çillə haqqında “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya “ömrün azdır, qabağın yazdır”, - deyimi var. Yeri gəlmişkən, kiçik çillənin çıxması ilə bərabər sabahdan ölkə ərazisində hava dəyişəcək, temperatur aşağı düşəcək, qar yağacaq.
Xatırladaq ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.
Bu tarixdən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəsli 92 gün 17 saat 40 dəqiqə 46 saniyə davam edəcək.
Aygün