Close

21:20
20 Fevral 2025

“Abituriyent 1” jurnalı ona görə çap olunmayıb ki... - DİM

Sabahdan ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) başlayır.

Dövlət İmtahan Mərkəzi (DİM) ərizə qəbulunun fevralın 20-dən martın 5-dək davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizə qəbuluna başlanıldığı halda, prosesə aid rəsmi “Abituriyent 1” jurnalının əvvəlcədən çap olunmamasını ciddi nöqsan olduğunu bildirib.

O, bunun abituriyentlərin haqlarının pozulmasına gətirib çıxaracağını deyib: “DİM-in bu prosesi şəffaf və əlçatan etməsi üçün əsas addımlardan biri “Abituriyent” jurnalını vaxtında çap etmək və ictimaiyyətə çatdırmaqdır. Bu jurnal abituriyentlər üçün yalnız bir məlumat mənbəyi deyil, həm də onların hüquqlarını bilmək, qəbul qaydalarından xəbərdar olmaq və elektron ərizə vermə prosesində yolunu itirməməsi üçün əsas bələdçidir. Jurnal çap edilmədiyi və ya gec dərc edildiyi halda, abituriyentlər ya yanlış məlumat alır, ya da ümumiyyətlə ərizə prosesinə dair biliklərdən məhrum olurlar”.

Jurnalın hansı səbəbdən çap olunmadığını Dövlət İmtahan Mərkəzindən soruşduq. DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə TNS-ə bildirib ki, ali məktəblərə ərizə qəbulu başlayanda bu proseslə bağlı iştirakçılar üçün lazımi məlumatlar da təqdim olunur:

“Ərizə qəbulu elektron formada aparılır və çox sadə bir prosesdir. Bundan əlavə, "Abituriyent" 1 jurnalında verilən qəbul imtahanı proqramları sentyabr ayında ictimaiyyətə təqdim olunub və hazırda PDF formasında saytımızda var. Buraxılış imtahanı proqramları isə artıq "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub”.

Aygün