Tətil günlərinin çox olması - Mənfi və müsbət tərəfləri nələrdir?
![](/upload/files/up3/Xeberler/2025/2/15/novruz.jpg)
Xəbər verdiyimiz kimi, Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri ilə iş günlərinin yeri dəyişdirilib. Bununla da tətil günlərinin ard-arda olması təmin edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə, əslində iş günləri olan martın 27-28-i ilə martın 10-u və və aprelin 1-nə düşən istirahət günlərinin yerləri dəyişdirilib.
Martın 29-30-u şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Martın 20-dən aprelin 1-dək ölkədə iş günü olmayacaq.
Qeyd edək ki, qərara görə martın 10-u və aprelin 1-i iş günü olacaq.
Bəs, tətil günlərinin artırılmasının, daha doğrusu davamlılığın təmin edilməsinin mənfi və müsbət tərəfləri nələrdir?
Mövzu ilə bağlı TNS iqtisad elmləri üzrə fəlsəfə doktoru, Bakı Ali Neft Məktəbinin "Biznesin idarə edilməsi" kafedrasının müdiri Altay İsmayılovun fikirlərini öyrənib.
Ölkədə çox sayda tətil günlərinin olmasının əsasən iqtisadiyyatı geri salan amil kimi qiymətləndirildiyini xatırladan iqtisadçı, bir sıra müsbət məqamlardan da bəhs edib: “Çoxsaylı tətil günlərinin yerinə, işləməyin daha çox istehsalla nəticələnəcəyini əsas gətirənlər tətil günlərinin çox olmasına müsbət yanaşmır. Bu baxımdan, hansı ölkədə il ərzində neçə gün bayram tətili olduğu da müqayisə olunur. Azərbaycan kifayət qədər bayram tətili olan ölkələrdəndir.
Artıq son illər çox işləmək yerinə, məhsuldar işləmək məsələsi də ön plana çıxır. İnsanların neçə gününü işdə keçirməyindən daha çox, onların nə qədər məhsuldar və effektli çalışmağı önəmlidir. Buna sübut kimi demək olar ki, bu gün bir çox inkişaf etmiş ölkədə müəssisələr həftədə 4 günlük iş rejiminə keçirlər. Xüsusilə, böyük şirkətlər bu üsulu test edirlər. Məsələn “Microsoft” bununla bağlı apardığı testin nəticəsini açıqladı. Məlum oldu ki, həftəlik 4 günlük iş rejimində məhsuldarlıq 40 faiz artmışdır. Deməli, insanlar yaxşı istirahət edəndə, özlərinə, ailələrinə keyfiyyətli vaxt ayıranda, işdən kənar vaxtlarını səmərəli keçirəndə daha pozitiv olurlar ki, bu da onların məhsuldarlığına müsbət təsir edir”.
A.İsmayılov bildirib ki, mövcud faktlara və şəxsi qənaətinə görə, bayram günləri ilə əlaqədər tətil və iş günlərinin davamlılığının təmin olunması müsbət addımdır: “İstirahətdən sonra bir neçə iş günü və sonra təkrar istirahət etməkdənsə, tətil və iş günlərinin davamlılığının təmin edilməsini daha faydalı hesab edirəm”.
Aygün