Qohum evliliyi qadağandır, ancaq cəzası yoxdur
![](/upload/files/up3/Xeberler/2025/2/15/1739626790_1719562338_2.jpg)
Bu ildən etibarən Azərbaycanda qohum evliliyi qanunvericiliklə qadağan ediləcək. Mütəxəssislər bildirirlər ki, qohum evliliyi genetik xəstəliklərin artmasına və gələcək nəsillərin sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər.
Qanunvericilikdə isə qohum evliliyinə cəhd edənlər üçün hər hansı cəza nəzərdə tutulmayıb. Ekspertlər bildirirlər ki, qanunların sərtləşməsi bəzi ailələri rəsmi nikahdan yayınmağa sövq edə bilər. Azərbaycanda son illərdə vətəndaş nikahına marağın artdığı müşahidə olunur və yeni qadağaların bu tendensiyanı daha da gücləndirəcəyi ehtimal edilir.
TNS xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, ümumiyyətlə qohum evliliyinin qadağan edilməsi dedikdə rəsmi nikahın qadağan olunmasından söhbət gedir:
“Bilirik ki, Ailə Məcəlləsinin 12-ci maddəsində aralarında nikah bağlanmasına yol verilməyən şəxslərin siyahısına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları (12.0.2-1) və bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu (12.0.2-2) əlavə edilmişdir. Lakin nəzərinizə çatdırım ki, qeyd edilən maddələr 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Təbii ki nikah nikaha daxil olmaq istəyən şəxslər Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə yaxınlaşdıqda onların qohumluq dərəcələri həmin orqan tərəfindən araşdırılmalı və belə hal müəyyən edildikdə nikahın bağlanmasından imtina edilməlidir.
Diqqətinizə çatdırmaq istəyərdim ki, ümumiyyətlə nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində yuxarıda qeyd etdiyim şəxslərin rəsmi nikah olmadan “vətəndaş nikahında” yaşaması üçün hər hansı məsuliyyət müəyyən edilməyib. Bu məsələni müqayisə edəndə cinsi azlıqların “evliliyini” misal gətirmək olar. Azərbaycan Respublikasının qanunlarına əsasən eyni cinsli şəxslərin nikahı qadağandır. Lakin onlar bir evdə “qeyri-rəsmi evli” formasında yaşayırlar”.
Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“Lakin bu maddə də məsələ rəsmi nikahdan gedir. Qohum evliliklərində şəxslər tibbi və biolojik olaraq ciddi problemlərlə üzləşirlər. Əlbəttə bu barədə həkimlərimiz şərh versə daha yaxşı olardı, lakin qohum evliliyindən qaynaqlanan xəstəliklər uşaqlarda kəskin formada üzə çıxdıqda tərəflər bir-birilərini günahlandırırlar. Hüquqi baxımdan isə əmlak və mülk məsələlərində tərəflər arasında problemlər meydana çıxır. Hesab edirəm ki, əvvəlcə vətəndaşları qohumlar arasındakı nikahın mənfi nəticələri barədə maarifləndirməliyik, ictimai qınaq yaratmalıyıq, daha sonra onu cəzalarla sanksiyalaşdırmalıyıq”.