Bu müəssisələrin lisenziyaları ləğv olundu
![](/upload/files/up3/Xeberler/2025/2/15/16972724201577153445_1200x630.jpg)
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.