Close

Valideynlər evlərindən uzaqda olan məktəbi seçə bilməyəcəklər?

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı bir neçə şərt irəli sürülür.

Belə ki, uşağın ümumi təhsil müəssisəsinin  yerləşdiyi ərazidə yaşaması,  bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və ya uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi kimi prinsiplər əsas tutulacaq.

Qeyd edək ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilmişdi.

Bu il isə Sumqayıt şəhəri üzrə prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Bu qaydanın tətbiqi hansı zərurətdən irəli gəlir?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi adı keçən qayda ilə bağlı detalları TNS-ə şərh edib.

Bildirib ki, şagirdlərin l sinfə qəbulu zamanı bu prioritetlər hər zaman əsas götürülüb: “Valideynlər övladlarının l sinfə qəbulu zamanı yalnız yaşadığı yer, qeydiyyatda olduğu yer üzrə məktəbə müraciət edə bilər. Başqa bir məktəbə müraciət edəcəklərsə, bacısı və ya qardaşı həmin məktəbdə oxumalı, yaxud valideynlərindən biri həmin məktəbdə işləməlidir. Bu əsaslar olmadan, şagird başqa bir məktəbdə qeydiyyatdan keçə bilməz. Elm və Təhsil Nazirliyi bu isqtiqamətdə işlər aparır. Sumqayıtda da prosesin tətbiqi nəzərdə tutulur”.

E. Əfəndi bildirib ki, valideynlərin əksəriyyəti özvladlarını qeydiyyatda olduqları yerlərdən kənarda olan məktəblərə aparırlar: “Onlar düşünürlər ki, mərkəzdə olan məktəblər daha yaxşıdır. Çox zaman valideynlərin həmin məktəblə heç bir əlaqəsi də olmur. Digər tərəfdən, bu amil mərkəzdə yaşayan vətəndaşların hüquqlarının pozulması deməkdir. O cümlədən, ümumi qaydaların kobud şəkildə pozulması mənasına gəlir”.

Mütəxəssis bildirib ki, şəhərdə olan tıxacların yaranma səbəbləri arasında bu amil də var: “Uşaqların yaşadıqları yerlərdən kənarda yerləşən məktəblərə aparılması şəhərdə tıxacların yaranmasına təsir edən amillərdən biridir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”da Prezidentin sərəncamı ilə təsdiqlənib.

Bu baxımdan Elm və Təhsil Nazirliyi tərəfindən qeyd olunan qaydaların tətbiqinə daha həssaslıqla yanaşılacaq. Dövlət başçısının yollarda nəqliyyatın sıxlıq problemləri ilə bağlı verdiyi tapşırıqlar da bu istiqamətdə işlərin aparılmasını tələb edir. Ona görə də valideynlər özlərinə yaxın olan məktəbləri seçməyə çalışsınlar. Necə deyərlər, ən yaxşı məktəb, sizə yaxın olan məktəbdir”.

Aygün