Close

Kimlər "əfv"ə düşə bilər?

Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-cü ildə ilk iclası keçirilib. Bu barədə Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, ötən illərin təcrübəsinə əsasən, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur: "Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən verilir. Çünki əfv hüququ Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir".

Bəs, maraqlıdır, Əfv sərəncamı kimlərə tətbiq edilə bilər?

TNS xəbər verir ki, əfv, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər.