Milli elm akademiyalarının üzvlərinin yalnız 12 faizi qadındır
![](/upload/files/up4/Xeberler/Cemiyyet/2025/02/amea.jpg)
MT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-də “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü qeyd olunur.
TNS AMEA-nın Dilçilik İnstitutunun Qadınlar Şurasının sədri filologiya elmləri doktoru Şəbnəm Həsənli - Qəribovanın mövzu ilə bağlı yazısını təqdim edir.
Azərbaycanda və müsəlman Şərqində ilk dünyəvi qız məktəbi - Aleksandra imperator rus-müsəlman qız məktəbi Mariya Kürinin ilk Nobel mükafatı almasından cəmi iki il öncə 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bugün o tarixdən bir əsrdən çox vaxt keçir və analıq missiyasını yerinə yetirməklə bərabər, bacarıqlı siyasətçi, dövlət və elm xadimi, peşəkar mütəxəssis olan Azərbaycan qadını cəmiyyətin bütün sahələrində qazandığı uğurlar diqqəti cəlb edir. Bu yolda ilklərə imza atan, ilk qadın fəallarımız- Bakı xanımlarının ilk təşkilatını yaradan Hənifə Məlikova, Azərbaycanın ilk qadın jurnalisti, ilk qadın yazıçısı Şəfiqə Əfəndizadə, 1911-ci ildə həyat yoldaşı ilə birlikdə Azərbaycan qadınının yoluna ilk “İşıq” salan Xədicə Əlibəyova, 1908- ci ildə ilk ali təhsilli qadın həkim kimi fəaliyyətə başlayan, tibb elmləri doktoru, Nobel mükafatına namizədliyi qeydə alınan ilk azərbaycanlı Sona xanım Vəlixan, ilk qadın kinorejisorrumuz Qəmər Almaszadə, ilk qadın pilotumuz Leyla Məmmədbəyova, AMEA-nın üzvü seçilmiş ilk qadın alimimiz Validə Tutayuq kimi Azərbaycan xanımları özündən sonra elmi, təhsili həyat qayəsi olaraq seçmiş xanımlarımıza örnək olmuşlar. Xüsusilə, müstəqillik dövrü Azərbaycan cəmiyyətində qadınların sosial-siyasi, iqtisadi- elmi sferada əldə etdikləri nailiyyətlər diqqəti cəlb edir. Əlbəttə, bütün bunların arxasında uğurla həyata keçirilən gender siyasəti, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması faktı durur. Müstəqil Azərbaycan cəmiyyətində ənənə halını almış qadın qurultaylarının təşkili, qadınlarla bağlı dövlət strategiyasının qəbul edilməsi, qadın yazıçı, şair, alimlərə göstərilən diqqət və qayğı qadın hərəkatının möhkəmlənməsinə səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. “Ana” sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də “Ana Vətən” deyirik, torpağa da “Ana torpaq” deyirik. Biz Vətənə “Ana Vətən” deyəndə Vətənin nə qədər əziz, nə qədər qiymətli, müqəddəs olduğunu bir daha qeyd edirik. Ana həyatda hər bir şeyin başlanğıcıdır”. Ananın böyüklüyünü, qadının gücünü, cəmiyyətdə rolunu hər zaman təbliğ edən Ümummilli lider “ana, qadın hər bir Azərbaycan oğlu üçün müqəddəs bir məfhum olmalıdır” - deyərək cəmiyyət quruculuğunda ikinci böyük qüvvə olan qadına öz qiymətini verirdi.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra qadınların ictimai-siyasi həyata qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət-qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə, təhsil, səhiyyə və elm sahəsində qadınların geniş spektrli fəaliyyəti diqqəti cəlb edir.
Bugün qlobal səviyyədə 4-cü sənaye inqilabı və onun yaratdığı yeniliklər müasir həyatımızın bütün sahələrinə sirayət edir. Günümüzdə insanın ən böyük köməyinə çevrilən süni intellekt inkişafa təkan verir. Bütün bunların fonunda sürətlə inkişaf edən dəqiq elm sahələrində, xüsusilə İKT sahəsində çalışanlar arasında qadın alimlərin azlığı, humanitar sahədə isə qadınların üstünlüyü müşahidə edilməkdədir. BMT -nin ən son hesabatına görə dünyada qadın alimlərin elmdəki əsas problemlər aşağıdakılardır:
1. Qadınlar bütün tədqiqatçıların 33,3%-ni təşkil edərkən, milli elm akademiyalarının üzvlərinin yalnız 12%-ni qadınlar təşkil edir.
2. Süni intellekt kimi qabaqcıl sahələrdə hər beş mütəxəssisdən yalnız biri (22%) qadındır.
3. Dördüncü Sənaye İnqilabını aparan əksər texnoloji sahələrdə bacarıq çatışmazlığına baxmayaraq, qadınlar hələ də mühəndislik məzunlarının yalnız 28%-ni və kompüter elmləri və informatika üzrə məzunların 40%-ni təşkil edir.
4. Qadın tədqiqatçılar daha qısa, daha az maaşlı karyeralara sahib olurlar. Qrant layihələrdə qadınlara daha az maliyyə təmin edilir. Onların işləri yüksək profilli jurnallarda az təqdim olunur.
5. Orta hesabla, əmək bazarındakı qadınlar qlobal miqyasda hələ də kişilərdən 23 faiz az qazanır və qadınlar kişilərə nisbətən təqribən üç dəfə çox saatını pulsuz ev və qayğı işlərinə sərf edirlər. Son onilliklərdə irəliləyiş var, lakin dünya 2030-cu ilə qədər gender bərabərliyinə nail olmaq yolunda deyil.
Bütün bu problemlər təqribən Azərbaycan humanitar elm mühitində də özünü göstərir. Texnikanın sürətli inkişafı insan faktorunun vacibliyini zəiflədir və antroposentrik elmlərin inkişafına diqqəti azaldır. Lakin unutmaq lazım deyil ki, humanitar elmlər məhz fərd və onun təmsil olunduğu xalqın ictimai-mədəni identikliyinin öyrənilməsində və qorunmasında olduqca vacibdir. Bugün Azərbaycanda humanitar elmlərin inkişafında ən əsas problem təhsil və elmi fəaliyyətin təşkilində elmi və texnoloji yeniliklərin ləng tətbiqidir. Bu isə mütəxəssislərin İKT yeniliklərini vaxtında mənimsəməməsi, ali təhsil müəssisəslərini bitirmiş gənclərin tələb olunan elmi biliklərə yetərincə yiyələnə bilməməsi ilə əlaqədardır. Digər tərəfdən humanitar elm sahələrində yazdığımız elmi əsərlərin geniş kütlələr üçün cəlbediciliyi çox aşağıdır.
Digər bir məqam isə elm müəssisələrində ezamiyyələrə, mütəmadi elmi seminarlara, vebinarlara, ixtisasartırma kurslarına hər bir şəxsə fərdi inkişaf, cəmiyyətə inteqrasiya olunma və məşğulluq üçün zəruri olan bilik, bacarıq, dəyər, yanaşma, fikir və xarakterik cəhət kimi xüsusiyyətləri özündə birləşdirən, dəyişə bilən çoxfunksiyalı “ömür boyu təhsil” sisteminə qadın alimlərin cəlb edilməsi məsələsidir. Xüsusilə, humanitar elm sahələrində çalışan qadınlar təəssüf ki, bu imkanlardan geniş yararlana bilmirlər.
Bu il 11 fevral “Qadınlar və qızlar elmdə” gününün elanından 10 il ötür. Bu 10 ildə elmin inkişaf meyarları, perspektivləri, maraqları da xeyli dəyişmiş, artıq yeni elm sahələri, multidisiplinar tədqiqatlar geniş vüsət tapmışdır. Sənaye və texnoloji inqilabların təsiri altında formalaşan yeni ictimai və iqtisadi reallıqlar ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi üçün elm və təhsil sistemlərində köklü islahatları zəruri edir. Bu baxımdan qadınların bu islahatların həyata keçirilməsində daha aktiv və məhsuldar iştirakı üçün məqsədyönlü səylərin həyata keçirilməsi zəruridir. Bu çağırışlar humanitar sahədə çalışan qadın alimlərin qarşısına da yeni öhdəliklər qoyur, şəxsi və elmi inkişafda artıq kəmiyyət parametrinin keyfiyyət parametri ilə əvəzlənməsini labüd edir.
Qadın böyük qüvvədir. Ancaq onun qüvvəsinin qaynağı ona inam bəsləyən və qiymət verən cəmiyyətdir. Ümid edək ki, bu inam və dəyər heç bir zaman tükənməyəcək.