Close

"Bu, insanların həyatı üzərində qurulmuş çirkin biznesdir"

“Sovet pul müqabilində televiziya və ya qəzetin hansısa şəxsləri reklam etməsi qadağan idi”.

Bunu TNS-ə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, bu, daha çox düzgün addım idi: "Bazar iqtisadiyyatı deyilən sistemə keçəndən sonra tam bir anarxiya yaranıb. Saxtakar, dələduz həkimləri pul müqabilində televiziyalar, mətbuat orqanları reklam edir, milyonlarla insanın aldanmasına səbəb olur. Cəmiyyətə çox ciddi zərər vururlar. Nəticədə yalançı həkimlər meydan sulayır, milyonlar qazanır, yaxşı, savadlı, səviyyəli və intellektual həkimlər isə kölgədə qalırlar. Bu proses dərman reklamına da aiddir. Dərmanların reklamı məhdudlaşdırılıb, amma tamamilə qadağan olunmalıdır. Xalqın taleyi, sağlamlığı və həyatı bazar elementi və ya biznes strukturu deyil. Bu, elmi sahədir. İnsanlar da bilməlidir ki, hər sahənin öz elmi dərəcəsi olan həkimləri var. Amma bu gün televiziyada istənilən saxtakar həkim sadəcə reklamın gücünə önə çıxa bilir. Buraya psixoloqlar da aiddir. Dələduzların çoxu psixoloq adı ilə insanları aldadır, onlar pul verərək sadəcə verilişlərə sponsorluq edirlər. Hətta 5-10 min manat pul ödəyirlər, sonra isə onun müqabilində 50, 100, 150 min qazanırlar. Bax, bu insanların həyatı və sağlamlığı üzərindən qurulmuş çirkin biznesdir, ağır cinayətdir”.

Sosioloqun fikrincə, bu gün insanların sağlamlığı ilə oyun oynanılır, saxta dərmanlar reklam edilir, dərman firmaları müxtəlif yollara baş vururlar.: "İnsanları borc-xərcə salırlar. Həmin həkimlər firmalar tərəfindən layiqli şəkildə mükafatlandırılır. Sovet dövründə həkimlər xəstələrə pasiyent kimi baxırdılar, indi isə müştəri kimi. İndi yalnız xəstə pul gətirən aparat gözündə görülür. Bu, tibbi prinsiplərə, insani və mənəvi dəyərlərə ziddir. Artıq insanların gözündə həkimlərin heç bir müsbət obrazı qalmayıb. Həkimlər insanları aldadan, onları soyan, öz şəxsi mənafelərini güdən varlıqlar kimi yadda qalıb. Məhz buna görə son dövrlərdə xarici ölkələrə üz tutan insanların sayı artır. Sürətlə başqa ölkələrə gedib normal tibbi xidmət alıb gəlməyə çalışırlar. Hətta insanlar dərmanları belə xaricdən alırlar”.

Elçin Bayramlı vurğulayıb ki, ölkəmizdə satılan dərmanların keyfiyyəti ilə bağlı da problemlər var: "Bu sahədə xüsusi qanun qəbul olunmalıdır. Son dövrlərdə müəyyən addımlar atılıb. Həkimlərə dərmanların adlarını yox, molekulları yazmaq məsələsi, dərmanların reklamının məhdudlaşdırılması və s. məsələlər gündəmdədir. Amma daha ciddi şəkildə bu məsələnin üzərinə düşülməlidir. Çünki səhiyyə bir nömrəli sahədir. Dərmanlar mütləq şəkildə yoxlanılmalıdır, ölkəyə keyfiyyətli dərmanlar gətirilməlidir. Ölkədə həkimlər arasındakı rəqabətə də son qoyulmalıdır. Bütün bu məsələlər tənzimlənəndən sonra biz sağlam cəmiyyətdən danışa bilərik”.

Ayşən Azadova