Bu ərazilərdə işləyən müəllimlər maaş artımlarını ala bilmirlər?
Məlum olduğu kimi, müəllimlər mərhələli şəkildə sertifikasiya prosesinə cəlb olunur və nəticəyə uyğun əməkhaqqı artımı həyata keçirilir.
Ötən gün bu il sertifikasiya prosesi olacaq fənlər də açıqlandı. Belə ki, biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər bu il imtahan verə biləcəklər.
Xatırladaq ki, müəllimlərin maaş artımı bu amilə bağlıdır. Ötən gün elm və təhsil naziri Emin Əmrullayev bu günədək ümumilikdə 64 901 nəfər müəllimin sertifikasiyaya cəlb olunduğunu deyib.
Həmin müəllimlərdən 17 426 nəfər yüksək nəticə göstərdiyi üçün maaşlarında 35, 38 084 nəfər isə orta nəticə göstərdiyi üçün maaşlarında 10 faiz artım olub.
Maraqlıdır ki, sosial şəbəkələrdə məhz bu tipli xəbərləri müzakirə edən müəllimlər arasında artımları ala bilmədiyini irəli sürənlər var. Onlardan bəziləri ilə əlaqə saxladıq.
Adının açıqlanmasını istəməyən, əvvəl Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisəsində çalışan müəllimlərdən biri bildirdi ki, o, iki aylıq artımı ala bilmir: “Əvvəl Qarabağ Regional Təhsil İdarəsi üzrə məktəbdə işləyirdim. Noyabrdan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəbdə çalışıram. Maaşımıza artımlar noyabr ayından verildi. Qarabağ Regional Təhsil İdarəsi müəllimlərin maaşına olan artımları hələ də verməyib. Mən sonrakı ayları Bakıda aldım. Amma iki aylıq-sentyabr və oktyabr aylarını hələ də ala bilməmişəm. Əvvəlki müəllim yoldaşlarım da öz artımlarını ala bilmirlər. Dəfələrlə müraciət etmişəm, faydası olmayıb. Şəxsən mən 35 faizlik nəticə göstərmişəm və maaşıma 460 manat artım əlavə olunub. İş yoldaşlarımın əksəriyyəti də bu yüksək nəticəni göstərib, amma artan məbləği ala bilmirlər”.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən TNS-in sorğusuna cavab olaraq bildirildi ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və sertifikatlaşdırmadan uğurla keçən müəllimlərlərin maaşlarına müəyyən edilmiş əlavələr ödənilib: “Əməkhaqqına əlavələrlə bağlı müraciəti olan vətəndaşın rəsmi qaydada Qarabağ Regional Təhsil İdarəsinə müraciət etməsi tövsiyə edilir”.
Məsələni diqqətdə saxlayacağıq.
Aygün