Artan çörəyin qiymətidir, yoxsa çəkisi? - FOTOLAR
Bir neçə gündür, çörəyin qiyməti ilə bağlı müzakirə gedir. Çörək istehsalı ilə məşğul olan müəsissələr qiymətin artdığını irəli sürənlərə cavab verib.
TNS-in xəbərinə görə, “Nur” çörək zavodu qiymətlə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi satışa çıxarılıb. Zavod çörəyinin çəkisinin artırılması məhsulun keyfiyyəti ilə izah edilib. Çəkisi artırılan çörəyin qiymətini də artırmaq məcburiyyəti yaranıb. Digər çörək zavodlarında qiymət artımı yoxdur.
“№1” çörək zavodundan TNS-ə bildiriblər ki, müəssisə əsasən, doğranmış çörək istehsalı ilə məşğul olur. Zavod çörəyi kimi təqdim olunan doğranmış çörək əvvəlki kimi hazırda 75 qəpiyə satılır. Bir məqamı vurğulamaq lazımdır ki, zavod çörəyi adı ilə istehsal olunan çörəklərin əksəriyyəti keyfiyyətsizliyi ilə önə çıxır. Həddən artıq yağlanan, rezin kimi və un dadı verən çörəklərdən “vozvrat” olub, mal-heyvana yedizidirilən məhsul az deyil. Digər tərəfdən satışda kifayət qədər baha olan çörək çeşidləri də var. Belə olan halda, zavod çörəyinin qiymətinin 5-10 qəpik oynaması hansı səbəbdən geniş müzakirələrə səbəb olur?
Əslində, çörək istehsalı sahəsində qiymətlər hansı formada tənzimlənməlidir?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TNS-ə açıqlamasında bildirib ki, çörəyin çəkisindən və keyfiyyətindən danışanda insanlar yalnız zavod və ya sosial çörəyi düşünür: “Satışda 1, 2, 5 manatdan baha olan çörəklər var. Sosial-zavod çörəyinin qiymətləri ilə bağlı dəyişiklik ona görə diqqəti çəkir ki, əhalinin böyük hissəsi onu alır. Sosial çörəyin qiyməti nəzarətdə saxlanılır. Bu, doğru deyil. Hökumətin vəzifəsi hamı üçün bərabər şərait yaratmaqdır. Əslində, çəki ilə bağlı heç bir standart yoxdur, çörəyin qiymətinin oynaması da normal haldlır.
Qiymətin bu formada müzakirəsi bazar iqtisadiyyatına ziddir. Dövlət orqanları çalışmalıdır ki, unun qiyməti ensin. Yeni çörək zavodları istifadəyə verilməlidir ki, qiymət ucuzlaşsın, bazarda istehsalçılar artsın”.
E.Hüseynov bildirib ki, zavod çörəyi istehsalçılarına bu cür nəzarət davam edərsə, onlar məcbur qalıb bu məhsulu bişirməkdən imtina edə bilərlər.
Hazırda marketlərdə satılan bir sıra çörəklərinin qiymətlərini təqdim edirik:
Aygün İbrahimli
Foto: Azadə Yolçu