Close

Həyatımızı əmanət etdiyimiz avtobus sürücüləri - Onlar necə qidalanır?

Gündəlik marşrutlarda çalışan avtobus sürücülərinin necə və harada qidalandığı maraqlıdır.

Adətən, şəhərətrafı işləyən sürücülər hansısa bir “təndir evi”nin qarşısında saxlayır və tələsik isti çörəyi alıb, qaçırlar. Avtobus hərəkətdə olarkən qidalanan sürücülər az deyil.

Yaxud, sonuncu dayanacaqda yaranan 5-10 dəqiqəlik vaxt ərzində ayaqüstü hazır “fast-food” qidalarla günü başa vururlar. Ayaqüstü, tələsik qida və çay qəbulu zamanla müəyyən sağlamlıq problemlərinə yol aça bilir.

Ümumiyyətlə, avtobus sürücülərinin qidalanma məsələsi necə tənzimlənir?

Onlardan bəziləri ilə əlaqə saxlamağa çalışdıq. Cavab verənlər, verməyənlər oldu.

“BakuBus” MMC  məsələ ilə bağlı TNS-ə bildirdi ki, qurumla çalışan sürücülərin hər biri qanuni əmək müqaviləsi ilə gün ərzində 8 saat çalışır. Qeyd olundu ki, sürücülərin qidalanması üçün yemək MMC tərəfindən verilmir: “Sürücülər sonuncu dayanacaqlarda özləri istdədikləri qidalarla qidalana bilərlər. Bu məsələ onların seçimindən asılıdır. MMC tərəfindən yemək verilmir”.

“Xaliq Faiqoğlu” şirkətindən bildirildi ki, sürücülər qidalarını özləri seçir: “Sürücülər üçün ayrıca qidalanma qaydası, qida rasionu yoxdur.

Bizdə hər bir marşrut xəttinin sonuncu dayanacaq məntəqəsində müvafiq dispetçer məntəqəsi var. Sürücülərin əksəriyyəti növbə ilə orada yeməklərini yeyir. Bundan başqa, sonuncu dayanacaq mətəqələrinin yaxınlığında çoxsaylı kafe və yeməkxanalar da mövcuddur ki, həmin iaşə obyektlərindən istifadə edən sürücülərimiz də var.

Bir çox halda sürücülərin ayaqüstü qidalardan istifadə etməsi, “fast-food”larla qidalanması halları da müşahidə edilir”.

“Çinar” logistik şirkətindən isə zənglərimizə cavab verilmədi.

Xatırladaq ki, bir neçə gün əvvəl Maştağa qəsəbəsində "BakuBus"a aid avtobus qəza törədib.

Qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub. Bu kimi hallar sürücülərin sağlamlıq vəziyyətlərinin vacibliyini gündəmə gətirir. Sağlamlığın ən vacib qoruyucularından biri isə, təbii ki, qidalanmadır.

Aygün