Close

15:03
04 Fevral 2025

1,1 milyon nəfər gözləyir - Pensiyalar neçə faiz artacaq?

Əmək pensiyalarının 8 faizlə indeksləşdiriləcəyi gözlənilsə də, rəqəm tam dəqiqləşməyib. Bu ay pensiyalar artımla birlikdə veriləcək.

Əmək pensiyalarının neçə faizlə indeksləşdiriləcəyi nə zaman məlum olacaq?

Mövzu ilə bağlı TNS-ə deputat Vüqar Bayramov açıqlama verib. 

Deputat xatırladıb ki, əmək pensiyaları 2024-cü il orta aylıq əməkhaqqında olan artım faizinə uyğun olaraq indeksləşdiriləcək: “Dövlət Statistika Komitəsi (DSK) 2024-cü ilin ilk 11 ayı ilə bağlı əməkhaqlarında olan artım faizini elan edib. Belə ki, ötən ilin ilk 11 ayında 8 faiz artım qeydə alınıb. Gözlənilir ki, yaxın günlərdə DSK tərəfindən 2024-cü ilin bütövlükdə orta aylıq əməkhaqqı artım faizi elan olunacaq. Daha sonra buna uyğun olaraq, əmək pensiyaları indeksləşdiriləcək. Gözlənti 8 faizdir. Amma dəqiq rəqəmlər yaxın günlərdə elan olunacaq. Daha sonra Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalanması gözlənilir. Sərəncam imzalandıqdan sonra 1 milyon 100 min vətəndaşımızın pensiyası indeksləşdiriləcək. Bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Yaşa, əlilliyə, həm də valideyni itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Bu istiqamətdə əlavə olaraq, yarım milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bütövlükdə sosial paketin reallaşmasına 1,5 milyard manat vəsaitin ayrılması həyata keçiriləcək”.

Aygün