Xaricdə təhsil alacaq tələbələrlə görüş keçirildi - FOTO
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov mübadilə proqramı çərçivəsində 1 semestr xaricdə (Avstriya, İspaniya və İtaliyada) təhsil alacaq tələbələrlə görüşüb.
Universitetdən TNS-ə verilən məlumata görə, “2 fevral - Azərbaycan Gəncləri Günü” ərəfəsində keçirilən görüşdə rektor tələbələri təbrik edərək onlara uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Ölkəmizdə dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan gənc bir nəslin yetişdiyini bildirən rektor qeyd edib ki, ATMU-da tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. O, burada gənclərin gələcəkdə karyera qurmaq imkanlarının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Tələbələrin xaricdə Azərbaycanın və ATMU-nun nümayəndəsi olduğunu bildirən rektor onlara ölkəmizi və oxuduqları ali təhsil müəssisəsini layiqincə təmsil etməyi tövsiyə edib.
Görüşdə iştirak edən ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa tələbələri uğurları münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar. Bildirilib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmaq, bilik və bacarıqlarını artırmaq, ölkəmizi və universiteti layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmaq tövsiyə edilib.
Qeyd edək ki, Turizm və Qonaqpərvərlik fakültəsinin tələbələri Leyla Heydarova və İbrahim Rüstəmli Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universitetində, Biznes İdarəçilik fakültəsinin tələbəsi Sevda Hüseynli İspaniya
Krallığının Valladolid Universitetində, Sosial Menecment fakültəsinin tələbəsi Nəcməddin Şıxəliyev İtaliya Respublikasının D'Annuntsio Kyeti-Peskara Universitetində mübadilə proqramında iştirak edəcəklər.
Onu da vurğulayaq ki, Azərbaycan Turizm və Menecment Universiteti hər zaman tələbələrin mübadilə proqramları vasitəsilə xaricdə təhsil almalarını təşviq edir. Bu istiqamətdə imkanların artması üçün mütəmadi olaraq çalışır.