Close

17:30
03 Fevral 2025

Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.

TNS FHN-ə istinadla xəbər verir ki, müraciətdə deyilir:

"Ölkə ərazisində yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən bu sahədə pozuntulara yol verilməsi hallarına rast gəlinir ki, sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verir.

Belə ki, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir".