Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

Yeni Dövlət Proqramı Bakıda sıxlığı necə aradan qaldıracaq?

Məlum olduğu kimi, Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

TNS xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov proqramda diqqəti çəkən əsas məqamlardan bəziləri ilə bağlı paylaşım edib.

O bildirib ki, əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır: “Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir.

Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyinin gücləndirilməsi kimi tədbirlər ilə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. 20 ədəd sərnişin qatarının alınması və  “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”.

Deputat qeyd edib ki, proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı, tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur: “Uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.

Eyni zamanda, inkişaf etmiş ölkələrdə olduğu kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir ki, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir”.

O vurğulayıb ki, nəqliyyatı intellektual idarəetmə sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur: “Yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, Dövlət Proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”.