Close

Müəllimlərin sertifikasiya imtahanı niyə eyni vaxtda keçirilmir?

Müəllimlərin sertifikasiya imtahanı bu il də keçiriləcək.

Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası hələ ki, hansı fənlərin imtahana cəlb olunacağını açıqlamasa da, prosesin hər il yay aylarında baş tutduğu məlumdur. Müəllimlərin maaşının artması bu proseslə bağlı olduğu üçün təhsilverənlərin əksəriyyəti sertifikasiyanın bütün müəllimlər üçün eyni vaxtda keçirilməsini daha doğru hesab edir. 

Bəs müəllimlərin kütləvi şəkildə imtahana cəlb olunması mümkün deyilmi?

Bununla bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi müəllimlərin toplu halında imtahana cəlb olunmamasının mümkün səbəblərini açıqlayıb: “Hazırda ölkədə 160 mindən çox təhsilverən fəaliyyət göstərir. Bunların hər birini sertifikasiyaya cəlb edib, eyni vaxtda imtahan keçirmək bir qədər uyğun deyil. Prosesin keçirilməsi üçün müxtəlif qurumlarla dəqiqləşmələr aparılır. Bu prosesə hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi və digər bir sıra qurumlar cəlb olunur. Digər qurumların iştirak razılığının verilməsi məsələsi də imtahanın toplu halında keçirilməməsinin əsas səbəblərdən biridir. Digər tərəfdən, sertifikasiya prosesi məhz tətil dövrünə təsadüf edir. Bu dövrdə isə Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul imtahanları da keçirilir. Fərqli fənlərə aid imtahanların eyni dövrdə keçirilməsi bir az qarışıqlıq yarada bilər”.

Elçin Əfəndi bildirib ki, sadalananları nəzərə aldıqda, ən yaxşı üsul sertifikasiyanın 2027-ci ilə qədər mərhələli şəkildə həyata keçirilməsidir: “İmtahanlar elektron formada keçirilir. Hazırda isə eyni anda kütləvi imtahanların elektron keçirilməsi də real deyil. Bunun üçün xeyli iş görülməlidir. O baxımdan, mərhələli olması vacibdir”.

Aygün