Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Kiçik çillə başlayır - 20 günlük dövrün hansı sirləri var?

Dekabrın 21-dən 22-nə keçən gecə, yəni qış fəslinin daxil olduğu vaxt xalq arasında böyük çillə adı verilən dövr də başlayır.

Çillələrin daxil olması xalq təqvimi ilə nizamlandığı üçün konkret tarixlər üzərində dayanılmır. Məsələn, böyük çillə 40, bəzi hallarda 41 gün də çəkə bilir.

Bunu mövzu ilə bağlı TNS-ə danışan AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi Atəş Əhmədli deyib.

Belə ki, qışın daxil olma vaxtından asılı olaraq, çillə bəzi hallarda 40 gündən artıq ola bilir: “Böyük çillənin neçə gün çəkməsindən asılı olaraq, kiçik çillə fevralın 1-i, bəzən 2-si daxil olur. Bununla bağlı müəyyən yanaşmalar var. Proses xalq təvminə görə nizamlandığı üçün konkret tarix yoxdur. Tədqiqatçılar da bunu gah fevralın 1-dən, gah 2-dən götürür. Xalq təqvimində 1-2 gün o qədər də önəmli əhəmiyyət daşımır”.

Atəş Əhmədli bildirib ki, onsuz da soyuq keçən qışın ən sərt dövrü kiçik çillə hesab olunur. Kiçik çillə 20 gün olsa da, yaza doğru getməsinə baxmayaraq, çox soyuq keçir. Böyük çillənin “Çillə gecəsi” deyə mərasimi olduğu kimi, kiçik çillənin də öz mərasimi var. Buna bizdə Xıdır İlyas, Xıdır Nəbi bayramları deyirlər. Anadolu türkləri Xıdır Əlləz bayramı kimi ifadə edir.

Bu mərasim kiçik çillə daxil olduqdan 10 gün sonra qeyd olunur. Bölgələrə görə tarix dəyişə bilər. Naxçıvan bölgəsində Xıdır Nəbi bayramı çox ənənəvi şəkildə qorunub saxlanılır və qeyd olunur”.

A. Əhmədli bildirib ki, insanlar qışda yazın gəlişini çox arzuladıqları üçün Xıdıra müraciət edər, onu xilaskar rolunda görərdilər: “Xıdır Nəbi tarixi şəxsiyyət yox, sadəcə mifoloji obrazdır. Xalqa arasında ilahi obraz kimi görünür və ilahi qüvvəyə malik şəxsiyyət kimi canlandırılır. Xalq inamına görə, boz atı ilə gələn Xıdır Nəbi özü ilə ruzi-bərəkət gətirir. Bu bayramda insanlar Xıdıra hörmət əlaməti kimi payız dövründən saxladıqları buğda qovururlar. Xalq arasında bu ənənə, eyni zamanda, şər qüvvələrə qarşı bir reaksiya idi. Buğda qovrularkən partlayır və inama görə, artıq divlərin bağrı yarılır. Şər qüvvələrə qarşı müqavimət, eyni zamanda xalqın ruzisi artır. Qovrulmuş buğdadan qovut da hazırlanırdı.

Hətta bu qovutdan bayırda bir yerə də qoyular və Xıdırın öz atı ilə gəlib keçərkən nalının izinin qovuda düşəcəyinə inanılardı. Bu da insanlara xoşbəxtlik gətirən bir əlamət kimi qəbul olunardı”.

Folklorşünasın sözlərinə görə, istər böyük çillədə keçirilən mərasim, istərsə də, kiçik çillənin mərasimləri Novruza qədərki dövrü əhatə edir və bu bayramlar bizi yaz bayramına yaxınlaşdırır.

O vurğulayıb ki, mərasimlərlə bağlı deyilənlər, yazılanlar əfsanə deyil, xalq təcrübəsindən irəli gələn məsələlərdir: “Böyük çillə, kiçik çillə, Xıdır Nəbi kimi bayramlar və mərasimlər xalqın uzun illər ərzində apardığı müşahidələr əsasında formalaşıb. Bu mərasimlər bizi Novruza doğru aparır”.

Aygün