Sertifikasiyaya cəlb olunacaq fənlər bu tarixdə açıqlanacaq
Müəllimlərinin sertifikasiya imtahanlarına cəlb olunacağı ilə bağlı müzakirələr aparılsa da, bunun hansı fənn müəllimlərini əhatə edəcəyi hələ ki, açıqlanmayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TNS-in bu barədə sualına cavab olaraq bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2025-ci ildə cəlb olunacaq fənlər barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən hər hansı qərar verilməyib.
Hazırda sual yaradan məqamlardan biri də imtahana cəlb olunacaq fənlərin nə üçün daha erkəndən açıqlanmamasıdır. Müəllimlərin bu barədə daha tez, yaxud nisbətən gec öyrənməsimi məqsədəuyğundur?
TNS bununla bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin münasibətini öyrənib.
O bildirib ki, bu il Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən növbəti fənlərin sertifikasiyası keçiriləcək.
Qeyd edib ki, həm də ötən il keçirilən birinci cəhd sertifikasiyaya cəlb olunan fənn müəllimlərinin ikinci cəhd imtahanları da keçiriləcək: “Hələ ki, hansı fənlər üzrə sertifaksiya olacağı elan olunmayıb. Bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən qərar veriləcək.
İmtahanlar, adətən, iyul ayının sonu və ya avqust ayında da keçirilir. İmtahan keçirilməsinə iki-üç ay qalmış bu barədə açıqlama verilir. Ötən ilin qərarına baxsaq, imtahanların tarixi ilə bağlı Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən mayın 2-də qərar verildi. İyunun 21-22-dən proses başladı. Məlumdur ki, iyunun 14-ü tədris ili başa çatır. İmtahanların ondan sonrakı dövrdə keçirilməsi məqsədəuyğundur. Düşünürəm ki, bu il sertifikasiyaya cəlb olunacaq fənlər ötənilki kimi may ayında deyil, ən geci aprel ayında ictimaiyyətə elan olunacaq. Erkən elan olunması o baxımdan məqsəduyğun olar ki, hansı müəllimlər imtahan verəcəklərini bilib, imtahana daha yaxşı hazırlaşa bilərlər. Məsələnin digər tərəfi isə belədir ki, bunu imtahana daha az qalmış elan etmək daha müsbət addımdır.
Müəllimlər məhz imtahan vermək üçün hazırlaşacaqsa, bunu imtahan xatirinə edəcəksə, bu da hardasa doğru deyil. Burada məqsəd təhsilverənlərin mövcud bilik və bacarıqlarının yoxlanılması və qiymətləndirilməsidir. Ola bilər ki, Şura da məhz bu kimi amilləri nəzərə alır”.
Aygün