Close

18:35
03 Dekabr 2024

Amalı Vətənə xidmət olduğundan mübarizə onu yormadı

Çağdaş filosof Əbu Turxan yazır ki, hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. Dünyamızın daha işıqlı olması üçün bizə işıqlı alimlər, ziyalılar lazımdır. Cəmiyyətin ən çətin, qarışıq və qaranlıq anlarında ziyalı ziyasına həmişə ehtiyac duyulub. Qaranlığa düşüb çətin vəziyyətdə olan cəmiyyəti məhz onun ziyalısının nuru işıqlı dünyaya çıxarıb, məhv olmaqdan xilas edib.  Məhz işıqlı ziyalılarının sayəsində Azərbaycan xalqı əsrlərlə məruz qaldığı basqılara,  yadelli işğalçıların onu kökündən qoparmaq, məhv etmək cəhdlərinə baxmayaraq, milli kimliyini itirməyib, milli dəyərlərini, ənənələrini qoruyub saxlaya bilib. Bəzən bu millət üçün ömrünü şam kimi əridən insanlara zamanında layiqli qiymət verilmir, onların xidmətləri lazımınca qiymətləndirilmir. Belə hallar çoxdur. Amma müdrik Azərbaycan xalqı çətin dövrlərdə ziyası ilə qaranlıqdan aydınlığa çıxdığı heç bir ziyalısını unutmayıb, onları öz qəlbində əbədi yaşadıb, beləliklə, bu insanlara layiq olduğu qiymətini verib. Müdrik xalqımız zamanla kimin ziyalı olub olmadığını da aydınlaşdıra bilib, yalançı işığı ilə insanları qaranlıqdan qaranlığa aparanları heç vaxt bağışlamayıb. Bu mənada Azərbaycan insanı bəzən seçim qarşısında qalıb. Onu doğru istiqamətə yönəldən gerçək ziyalısı ilə cəmiyyəti qaranlığa sürükləyən adamları ayırd edə bilməyib. Ancaq bu xalq o qədər müdrikdir ki, səhv etdiyinin fərqinə tez varıb, işıqlı, gerçək ziyalılarının arxasınca gedərək bütün təhlükələri aşıb, özünü qoruya bilib.

Xalqımızın belə işıqlı ziyalılarından, alimlərindən biri də bu gün 75 yaşı tamam olan AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir.

Görkəmli alim Əlövsət Quliyev haqqında yazmaq mənim üçün həm asandır, həm də çətindir. Asandır ona görə ki, Əlövsət müəllimi 20 ilə yaxındır, tanıyıram. Çətindir ona görə ki, Əlövsət Quliyevin Vətən, millət sevdasını, tanıdığım başqa heç kimdə müşahidə etmədiyim mübarizə ruhunu ifadə etməyə sözün gücünün yetməyəcəyini də bilirəm.

Bir dəfə Əlövsət müəllimə dedim ki, bu qədər basqılara, hücumlara niyə və necə dözürsünüz? Özü də bu hücumların heç biri şəxsi maraqlarınızdan qaynaqlanmır. Onun xalqımızın tarixini, ənənələrini qorumaq, Azərbaycan elmini inkişaf etdirmək üçün apardığı işə hansı manelərin törədildiyini az-çox bilirdim.

Əsl Azərbaycan ziyalısana xas müdrikliklə cavab verdi. Nazim Hikmətin bu sözlərini xatırlatdı: “Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?”.

Onunla bu mövzuda söhbətimizdə verdiyim suallara aldığım cavablar sonra özümün düşdüyüm ağır situasiyada mənə yol göstəricisi oldu.

Əlövsət müəllimdən soruşdum ki, axı siz də insansınız, daşdan, dəmirdən yaradılmamısınız. Bu qədər çətinliklərə necə sinə gərirsiniz?

Görkəmli dövlət xadimi Uinston Çöçillin sözünü xatırladaraq cavab verdi: “Pessimist hər imkanda çətinliklər görür, optimist hər çətinlikdə imkanlar görür. Mən hər çətinlikdə xalqıma, Vətənimə xidmət imkanı görürəm. Amalın gerçəkdən Vətənə xidmətdirsə, mübarizə səni yormayacaq”.

O zaman anladım ki, Azərbaycan xalqı bu dövrədək öz varlığını necə qoruyub saxlayıb. Bu xalqın genində Vətən uğrunda bir mübarizə ruhu var. Və bu mübarizə ruhu Əlövsət Quliyev kimi alimlərin simasında üzə çıxaraq onun bütün çətinliklərdən keçərək qalib gəlməsinə imkan verib.

Azərbaycan Milli Elmlər Akademiyası Tor­paqşünaslıq və Aqrokimya İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor  Əlövsət Gülüş oğlu Quliyev 1947-ci il iyulun 10-da Qərbi Zəngəzurun Sisyan rayonunun Sofulu kəndində ziyalı ailəsində anadan olub.

1956-cı ildə Sofulu səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1962-ci ildə səkkizinci sinfi bitirərək həmin rayonun Dəstəgird orta məktəbində təhsilini davam etdirib. 1965-ildə həmin məktəbin onbirinci sinfini bitirərək Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə qəbul edilib. 1970-ci ildə həmin institutu “Meliorasiya” ixtisası üzrə bitirib, təyinatla Naxçıvan Muxtar Respublikasına göndərilib.

Əlövsət müəllim bəzən zarafatla bildirir ki, 70-ci ildə göndərildiyim Naxçıvandan bir də 45 il sonra çıxa bildim. Amma onu da deyir ki, Naxçıvan onun üçün çox doğmadır, sonda qayıdacağı ünvan da oradır.

Təkcə ona görə yox ki, Naxçıvan onu bağrına basıb, həyatda qazandığı uğruların əksəriyyəti Naxçıvanla bağlıdır. Bu məqamda qeyd edəcəyim fikri heç vaxt onun dilindən eşitməmişəm, amma hiss eləmişəm. Naxçıvan onun üçün həm də ona görə əzizdir ki, ora Sofuluya yaxındır. Qərbi Azərbaycandan, Sofuludan danışanda həmişə Əlövsət müəllimin gözləri dolur. Mən onun ən böyük arzusunun Sofulunu bircə dəfə yenidən görmək olduğunu da bilirəm. Bakıdakı işlərinin çoxluğuna baxmayaraq, o, tez-tez Naxçıvana gedir. Orda həm çoxlu xatirələri, həm də Sofulunun havası var.

Əlövsət Quliyev ilk əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı İdarəsində başlayıb, 1970-1973-cü illərdə idarədə mühəndis, böyük mühəndis-hidrometr vəzifələrində çalışıb, təyinat müddəti bitdikdən sonra Naxçıvan Dövlət Universitetində müəllim  işləyib. Onun ömrünün böyük bir dövrü Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Əlövsət Quliyev həm gənc nəslin yetişdirilməsi kimi vacib bir missiyanı yerinə yetirib, həm də Azərbaycan elminin inkişafına sanballı töhfələr verib.

Onun elmə və tədqiqata marağı tezlikə öz nəticəsini verib. Belə ki, 1976-cı ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qiyabi aspirant olub, həmin ildən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Torpaqların meliorasiyası"  laboratoriyasında SSRİ  Elmlər Akademiyasının müxbir üzvü, akademik V.R.Volobuyevin və baş elmi işçi Q.Z.Əzizovun rəhbərliyi altında "Naxçıvan muldası (təknəvari çökəklik) torpaqlarında təkrar şorlaşma və ona qarşı  mübarizə yolları" mövzusunda dissertasiya  işini yerinə yetirib.

Elmi-tədqiqat işlərini eksperimental təcrübələr əsasında həyata keçirən Əlövsət Quliyev Babək rayonun "Kommunizm" sovxozu ərazisində təkrar şorlaşmaya məruz qalan torpaqların yuyulması və əkin dövriyyəsinə qaytarılması üçün torpaq-su analizi və müşahidələr  aparıb, onların əsasında şorlaşma xəritələri tərtib edilib, torpaqlar zərərli duzlardan azad olunaraq əkin dövriyyəsinə qatılıb.

Eyni  zamanda Naxçıvan MSSR (1977) Babək rayonunun  “Azərbaycan” kolxozunun və Şərur rayonunun “Əzizbəyov” sovxozu ərazisindəki şoran torpaqların yuyulması və əkin dövriyyəsinə qaytarılması üçün tədqiqatlar aparıb, onların əsasında şorlaşma xəritələri tərtib edilib, torpaqlar zərərli duzlardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.

O, qədim Naxçıvan diyarında ilk dəfə olaraq Duzdağ ətrafı ərazilərdə 20 min hektardan çox dellüvial mənşəli şorlaşmış torpaqların əkin dövriyyəsinə qatılması və təkrar şorlaşmaya məruz qalan on minlərlə hektar suvarılan torpaqların zərərli duzlardan təmizlənməsinin fərdi tədqiqatları əsasında elmi təcrübəyə əsaslanan iqtisadi cəhətdən asan yolunu sübut edib, nəticədə, Naxçıvanda təkrar şorlaşmaya məruz qalmış torpaqların zərərli duzlardan təmizlənməsinə yuyulma aparılmadan artırılmış suvarma normaları hesabına nail olunub.  Bu gün Duzdağ ətrafı duzlu torpaqların mənimsənilməsinin elmi əsası məhz alimin çoxillik tədqiqatlarına əsaslanaraq dövlət  tərəfindən  istifadə  olunmaqdadır.

Əlövsət Quliyev SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik V.R.Volobuyevin rəhbərliyi altında Naxçıvanda Arazboyu torpaqlarda, o cümlədən Babək rayonunun (o zaman Naxçıvan rayonun "Kommunizm" sovxozu) Nehrəm qəsəbəsi ərazisində təkrar şorlaşmaya məruz qalmış (şiddətli şorlaşmış) torpaqların daha əlverişli üsullarla yenidən əkin dövriyyəsinə qaytarılması işlərini böyük zəhmətlə yerinə yetirib.

Xarakter iqlimə malik Naxçıvan şəraitində geoloji aspektdə qiymətləndirmə aparan Ə.Quliyev  müəyyən edib ki, Nehrəm ərazisində 65-85 m dərinlikdə qalın duz layları mövcuddur. Professor Əlövsət Quliyevin apardığı elmi işlər onu göstərdi ki, Naxçıvanda aparılan suvarma və meliorasiya işlərində ərazinin geoloji, hidrogeoloji və tektonik şəraiti düzgün qiymətləndirilmədən burada təsərrüfat işlərinin aparılması sonda müsbət nəticə vermir. Burada torpaq qatının qalınlığı hər yerdə dəyişkəndir. Hətta bəzi yerlərdə ilkin torpaq əmələgəlmə proseslərinin davam etməsi müşahidə edilməkdədir. Xüsusilə Böyük düz və Duzdağ ətrafında elə yerlər var ki, orada torpaq qatının qalınlığı 0,3-0,8  metr arasında dəyişir. Onlardan aşağıda isə aşınmaya məruz qalan ana süxürlar yerləşir.  Nəticədə, Duzdağ ətrafı ərazilərdə torpaqlar istifadə olunarkən köklü rekultivasiya işlərinin aparılmasına ehtiyac yaranır. Yəni az qalınlığa malik  torpaqlarda suvarmanın müasir üsullarla aparılması daha məqsədə uyğun hesab edilir. Bu təcrübələr Naxçıvan-Şərur magistral yolunun (Sust kəndinə gedən yol istiqamətində) ətrafında Naxçıvan Sement Zavodunun yardımçı torpaqlarında aparılıb.

Tədqiqatçı-alim Naxçıvan şəraitində torpaqların zərərli duzlardan azad edilməsinin əsas səbəbini məhz apardığı eksperimental işlərin müsbət nəticə ilə bitməsində görüb. Bu, professor Əlövsət Quliyevin Naxçıvan şəraitində illərlə apardığı gərgin əməyinin nəticəsidir. Onun tərtib etdiyi şorlaşma xəritələrindən istifadə etməklə ərazidə  yayılmış  şoran torpaqların lokal şəraitdə yuyulma işi ən müsbət nəticələrdən biridir. 

Əlövsət Quliyevin digər bir tədqiqat işi Böyük düz maili düzənliyinin o zamankı Babək rayonu (indiki Kəngərli rayonunun) "Azərbaycan" kolxozu, indiki Böyük düz kəndi ərazisində təkrar şorlaşmaya məruz qalmış torpaqlarda aparılıb. Qeyd olunan ərazidə torpaqların zərərli duzlardan azad edilməsi layihəsində torpağın 8-10 min m3/ha yuma norması ilə aparılması nəzərdə tutulmuşdu. Aparılan  tədqiqatlar onu göstərmişdir ki, burada nisbətən yüngül mexaniki tərkibə malik torpaqda yuma aparmadan torpağı zərərli duzlardan azad etmək mümkündür. Təcrübi yolla  həyata keçirilən yumada əkin altında olan torpağa verilən suvarma norması 25-30%  artırılmaqla müsbət nəticə əldə edilib.

Əlövsət Quliyevin digər tədqiqat işi Şərur rayonunun “Əzizbəyov” sovxozu, indiki Xok kəndi ərazisində, Böyük düz və Duzdağ gətirmə çöküntülərindən formalaşan dellüvial mənşəli şoran torpaqların yuyulmasına həsr edilib. Burada layihə üzrə torpağın yuyulmasının drenləşmiş ərazidə (drenarası məsafə 400 m) adi su ilə  aparılması nəzərdə tutulmuşdu. Aparılmış yuma işlərində (8550 m3/ha) drenajlardan suyun gəlmədiyini və qısa məsafədə torpağa hopmasını müşahidə edən alim ya layihənin düzgün olmadığı, ya da yerli şəraitin mürəkkəbliyi ilə torpaq qrunt və hidrogeoloji şəraitin xarakter zonada nəzərə alınmadığı qərarına gəlib, burada torpağın drenaj olmadan yuyulmasının mümkünlüyünü sübut edib. Nəticədə, dellüvial şorlaşmaya məruz qalmış torpaqların qeyd olunan üsullarla zərərli duzlardan təmizlənməsinə nail olunub. Məhz Əlövsət Quliyevin tədqiqatları sayəsində Naxçıvanda yüzlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.

Onu tanıyanlar bilir ki, Əlövsət Quliyev cəsarətli alimdir. O, problemləri qabartmaqdan heç vaxt çəkinməyib. 2002-ci ilin avqust ayında Naxçıvan şəhərində Vayxır su anbarına dair  müşavirə keçirilərkən Əlövsət Quliyev ulu öndər Heydər Əliyevə Naxçıvan çökəkliyində həyata keçirilən meliorasiya və su təsərrüfatı sahəsindəki işlər barədə məlumat verib, inşa olunan Uzunoba, Sirab, Bənəniyar və b. su anbarlarının geoloji amillərin təsiri ilə ekoloji vəziyyətin dəyişilməsindəki rolu və eləcə də Naxçıvanda qədim tarixə malik kəhrizlərin bərpası ilə əlaqədar olaraq müraciət edib. Ulu öndər qaldırılan  məsələnin aktuallığını təsdiq edərək aid təşkilatlara lazımi tapşırıqlar verib. Məhz onun nəticəsi olaraq Naxçıvanda Kəhrizlər İdarəsi yaradılıb, 200-dən çox kəhriz bərpa olunaraq il ərzində 80 mln m3 su ehtiyatı əldə edilib.

Görkəmli alimin elmi yaradıcılığında Azərbaycan kəhrizlərinin tədqiqi qırmızı xətlə keçir. O, bütün fəaliyyəti boyu kəhrizlərin tədqiqi ilə məşğul olub, bu qədim abidələrimizin itib batmaması, bərpası, qorunub saxlanılması uğrunda mübarizə aparıb.

Məhz onun müəllifliyi  ilə ilk dəfə olaraq "Kəhriz sistemləri və onların bərpası" (Kəh­riz təmir və bərpa qrup­ları üçün metodik vəsait)  kitabı nəşr olunub. Əlövsət Quliyev üç dildə nəşr olunan “Azərbaycan kəhrizləri” monoqrafiyasının da müəllifidir. Bütün bu xidmətlərinə və elmi yaradıcılığına görə, alim 2006-cı ildən UNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər”  üzrə dövlətlərarası idarə heyətinə üzv seçilib. Onun nəinki Azərbaycanda, Orta Asiyadakı türk dövlətlərinin ərazilərindəki kəhriz abidələrinin tədqiqində də müstəsna xidmətləri vardır.

Əlövsət Quliyevin son illər AMEA-nın Torpaqşünaslıq və Aqrokomya İnstitutunun rəhbəri kimi fəaliyyəti də təqdirəlayiqdir. Onun rəhbərlik etdiyi institutun qısa müddət ərzində apardığı elmi araşdırmalar, tədqiqtlar barədə bir neçə kitab yazmaq olar.

Alim həyatının bütün dövrlərində olduğu kimi, AMEA-dakı fəaliyyəti dövründə də cəsarətli qərarları, elm uğrunda apardığı mübarizə ilə diqqəti cəlb edib. Əlövsət Quliyev burda da haqq-ədalət uğrunda mübarizə aparıb və qalib gəlib. Yəqin ki, oxucularımızın çoxu onun AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən haqsız yerə işdən çıxarıldığı barədə məlumatlıdır. Mehdiyevin bu qərarı ilə çoxları razılaşar, taleyi ilə barışıb gedərdi. Amma ömrünü mübarizələrlə keçirmiş Əlövsət Quliyev bununla barışa bilməzdi. O, cəsarət nümayiş etdirərək AMEA-nı məhkəməyə verdi və işinə bərpa olundu. Bilirəm ki, həmin vaxt Əlövsət müəllim hər şeyi gözə almışdı. Ramiz Mehdiyev kimi adam onu tamamilə məhv edə, tarixdən silə bilərdi. Həmin dövrdə bu xatırlatmamı çox qeyzlə, əsəblə qarşılamışdı. "Mənim qürurum, mübarizəm həyatımdan daha önəmlidir” demişdi. Bundan sonra onu qorumaq naminə belə olsa israr etməmiş, içimdə “əsl Azərbaycan ziyalısı belə olar” demişdim.

Professor Əlövsət Quliyevin elmi-təşkilati fəaliyyəti çoxşaxəlidir və onun Azərbaycan naminə gördüyü işlərin hamısını bir yazı daxilində sadalamaq mümkün deyil. Alimin həyatı və yaradıcılığı ilə tanış olduqca görünür ki, vətənpərvərlik, milli maraqların aliliyi onun elmi, pedaqoji və ictimai fəaliyyətindən qırmızı xətlə keçir. Əlövsət Quliyevin apardığı elmi tədqiqatlarda, qələmə aldığı məqalələrdə, çıxışlarında, verdiyi müsahibələrdə Azərbaycanın gələcəyindən narahatçılıq keçirən, ölkəsinin daha qüdrətli dövlətə çevrilməsi üçün alışıb-yanan vətənpərvər bir insanın hiss və həyacanı açıq-aşkar nəzərə çarpır. Professorun dərin elmi araşdırmaları, Azərbaycan naminə ictimai fəaliyyəti bəzən ona ciddi problemlər yaratsa da, heç bir qüvvə onu öz yolundan döndərə bilməyib. Nəticədə, Əlövsət Quliyev ömrünün müdriklik çağına, 75 yaşına sanballı alim, imici heç vaxt korlanmamış ictimai xadim və vətənpərvər ziyalı kimi gəlib çatıb.

Bilirəm ki, Əlövsət müəllim indi qeyd edəcəyim bu fikirlərimlə razılaşmayacaq, məni qınayacaq. Çünki söhbətlərimizdə həmişə deyir ki, əsl ziyalı Vətənə, xalqa, dövlətə təmənnasız xidmət edən ziyalıdır. Dəfələrlə öz dilindən eşitmişəm ki, o, xidmətləri müqabilində dövlətindən heç nə ummur, heç nə istəmir. Dövlətindən bircə umacağı var – o da Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, elmə sahib çıxılması, elmin inkişafı üçün daha böyük işlərin görülməsidir. Təəssüflə qeyd edirəm ki, Əlövsət Quliyevin xidmətləri hələ də lazımınca qiymətləndirilməyib. Doğrudur, ən böyük qiyməti xalq özü verəcək. Amma Vətəninə, xalqına, dövlətinə sonsuz sədaqətlə, vicdanla xidmət edən, Azərbaycan dəyərləri üçün ömrü boyu mübarizə aparan ziyalımızı gərək dövlətimiz də qiymətləndirə. İnanıram ki, Azərbaycan dövləti bu il 75 yaşı tamam olan mübariz ziyalımızın xidmətlərini qiymətləndirəcəkdir. Əlövsət Quliyev ən yüksək titullara, fəxri adlara, orden və medallara layiqdir.

Bağışlayın və inciməyin Əlövsət müəllim! Mən bunu yazmalıydım. Əgər məni də bu ölkənin ziyalılarının cərgəsində görürsünüzsə, gərək, qınamayasınız.

Yubileyiniz mübarək!

Tural Səfərov,

“TNS” İnformasiya Agentliyinin direktoru

92360718_3370270729655312_4619289429096267776_n

37564147_2192358664113197_3996438473035743232_n

37920055_2192358614113202_8105039402826203136_n

1265400_726799414002470_1377612056_o

184313317_4528682643814109_2611582480598403373_n

218843577_4735499189799119_3479237707700415166_n

292807335_5880488711966822_4628984484909585309_n

56317656_2579063515442708_284559029517156352_n

49205832_2435100066505721_7198707557119033344_n

53664159_2546249595390767_2024141112200921088_n

71699462_2919133544769035_9190120447293784064_n

45648997_2349107065105022_8362385785843875840_n