İsa Həbibbəyli: “Bu tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir”
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) alimlərimizin milli düşüncəsinin, təfəkkürünün məhsulu olan Nizamiyə, Nəsimiyə, Füzuliyə həsr olunmuş kollektiv monoqrafiyalar ərsəyə gətirilib, lakin Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir.
TNS xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasında deyib.
AMEA prezidenti bildirib ki, 2024-cü ildə Akademiyada ədəbi-tarixi şəxsiyyətlərin yenidən öyrənilməsi konsepsiyası istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə ilkin nəticələr əldə olunub.
Vurğulayıb ki, bu gün Azərbaycanın tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin öyrənilməsi ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifə kimi dayanır: “Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi ilə ərsəyə gətirdiyi əsərlər yeni nəsillərin milli vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayacaq və bu, Akademiyanın, Azərbaycan elminin, alimlərinin mənəvi borcudur”.