Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq?

Orta məktəblərdə şagirdlər 4-cü sinifdən 5-ci sinfə keçə bilmək üçün monitorinq imtahanı verməlidir. Bildirilir ki, imtahanda tələb olunan balı toplaya bilməyən uşaqlar sinifdə qalır.

Uşaqlara bu yaşda ağır məsuliyyət yüklənməsi nə qədər doğrudur?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dördüncü sinifdə keçirilən monitorinq imtahanlarının məqsədi şagirdləri sinifdə saxlamaq deyil.

Elçin Əfəndi qeyd edib ki, monitorinq imtahanı ilə ibtidai təhsilin sonuncu sinfində şagirdlərin əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi aparılır: “Monitorinqin nəticələri Elm və Təhsil Nazirliyi və onun  tabelliyindəki qurumlar tərəfindən araşdırılır. Burada ərazilər üzrə tədrisdə hansı boşluqlar, problemlər varsa, onların həlli istiqamətində tədbir görülməsi nəzərdə tutulur. Monitorinq imtahanlarının keçirilməsinin şagirdin sinifdə qalmasına birbaşa təsiri yoxdur.

Şagird o zaman sinifdə qalır ki, ümumilikdə müvafiq fənlər üzrə bilik və bacarıqları yüksək olmur.

Təbii ki, monitorinq imtahanını əsas gətirərək, şagirdi sinifdə saxlamaq doğru deyil. Bu yaşda uşaqlara imtahan nəticələrinə görə mənəvi zərbə vurmaq doğru deyil, amma şagirdlərə elə bir motivasiya vermək, onları elə stimullaşdırmaq lazımdır ki, onların özləri tədrisə həvəsli və maraqlı olsunlar.

Monitorinq imtahanlarının stress yaratma faktoruna gəlincə, bu, müəyyən qədər onların dərsdən yayınmaları və məktəbə biganə yanaşmaları ilə nəticələnə bilər”.

Təhsil eksperti vurğulayıb ki, monitorinq imtahanlarını sonda şagirdi sinifdə saxlamaq həddinə çatdırmaq lazım deyil: “Monitorinq imtahanları Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və onlara tabe olan qurumlar tərəfindən təhlil olunur. İmtahan göstəriciləri yaxşı olmayan məktəblərdə müvafiq istiqamətlər üzrə gələcəkdə müəyyən işlər aparılır. Burada əsas müəllimlərin təhsil göstəriciləri nəzərdə tutulur. Hansı bölgələrdə daha yaxşı tədris aparılır, fənlərlə bağlı hər hansı problemlər var və ya yox, əsas diqqət mərkəzində olan mövzular bunlardır. Qeyd olunan məsələlərin hamısı monitorinqin nəticəsi ilə bəlli olan məsələlərdir”.

Ayşən Azadova