Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələblərini rədd edib
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib.
TNS APA-ya istinadla xəbər verir ki, 2024-cü ildə keçirilmiş sertifikasiya prosesində iştirak etmiş, amma imtahanın nəticəsi ilə razılaşmayan bəzi müəllimlərin məhkəmələrdə qaldırdıqları iddialar təmin edilməyib.
Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş Sumqayıt şəhəri 13 nömrəli tam orta ümumtəhsil məktəbinin keçmiş ibtidai sinif müəllimi Ramilə Ədalət qızı İsmayılovanın təkrar sertifikatlaşdırmanın nəticələrinin ləğv edilməsi və işə bərpa barədə iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə təmin edilib. Qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılıb və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilib.
İmtahanda adından başqa şəxsin iştirak etdiyi müəyyən edilərək sertifikatlaşdırma nəticəsi ləğv edilmiş və sertifikatlaşdırmadan keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş Sumqayıt şəhər 22 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi İlhamə Mayis qızı Teymurovanın işə bərpa barədə iddiası Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə rədd edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.