Otellərdə yanğın ona görə baş verir ki...
Bir neçə gün əvvəl Türkiyədə istirahət mərkəzlərində baş verən faciəli hadisə otellərdə yanğın təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi.
İstər-istəməz insanlar arasında suallar yaranır. Ölkəmizdə fəaliyyət göstərən otellərdə yanğın təhlükəsizliyi hansı formada qorunur?
Mövzu ilə bağlı TNS-ə danışan turizm məsələləri üzrə mütəxəssis Ceyhun Aşurov bir sıra məqamlardan bəhs edib.
O bildirib ki, turizm və otelçilik sahəsində ən vacib məsələlərdən biri məhz qonaqların təhülkəsizliyi ilə bağlıdır: “Otelin layihəsi hazırlanarkən, bina tikilərkən təhlükəsilklə bağlı bütün detallara nəzarət olunur. Yanğın girş-çıxışları, yanğın əleyinə olan mexanizmlər, fövqəladə hallarda təxliyə planı və s. göz önündə olmalıdır. Mütəmadi olaraq müvafiq dövlət orqanları tərəfindən otellərin hazırlığına nəzarət həyata keçirilməlidir. Türkiyədə baş verən hadisədən belə görünür ki, müəyyən sahələrə tam nəzarət olunmayıb və bu hal yaşanıb.
Azərbaycanda əksər otellərdə bu standartlar var. Söhbət təsnifatlaşdırmaya yararlı olan otellərdən gedir. Turizm haqqında yeni qanundan sonra otellərin ulduz təsnifatından keçməsi məcburidir. Otellər müvafiq komissiya tərəfindən yoxlanılarkən, bu məqamlara xüsusi diqqət olunur”.
Ceyhun Aşurov yanğın kimi fövqəladə hallar zamanı şəxsi personalın hazırlıqlı olmasının vacibliyini vurğulayıb: “Otel əməkdaşlarının iş bölgüsü olmalıdır ki, panikaya yol vermədən qonaqların çıxarılmasını təşkil edə bilsinlər. Əgər personal bir-birinə mane olar, panikaya düşərsə, hadisələr zamanı daha çox itki olar. Otellər müraciət edərlərsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlimləri böyük həvəslə həyata keçirirlər”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev TNS-ə mövzu ilə bağlı bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair tələblərə ciddi əməl etməlidir: “Otellər yanğın təhlükəsizliyinə dair təchizat ilə tam təmin edilməli, təminatın daim saz vəziyyətdə olması təşkil edilməlidir. İşçilərin yanğın təhlükəsizliyinə dair bilik və bacarıqlarının artırılması, yanğın rejiminin yaradılması, təxliyə planları və s. detallar kompleks şəkildə həyata keçirilməlidir. Belə olan halda, yanğın baş versə belə, vaxtında qarşısı alınmış olur. Eyni zamanda, binanın üzü yanmaya davamlı materiallardan olmalı, yanğını gecikidrən boya ilə boyanmalıdır. Ən vacib məsələlərdən biri də elektrik təsərrüfatının saz vəziyyətdə olmasıdır. Zirzəmi, tavan, mətbəx kimi yanğın riski yüksək olan yerlərdə avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmalıdır. Elə sistemlər var ki, insan olmasa belə, tüstü və s. olarsa, avtomatik işə düşür və yanğının üzərinə xüsusi məhlul tökərək təhlükəni ardan qaldırır”.
Aygün