Close

Xoflanır, çünki ora ona aid deyil - Tanımadığım adamın söhbəti bu həqiqəti bir daha təsdiqlədi

Səhərin erkən çağı, yarıyuxulu sərnişinlərlə birlikdə ictimai nəqliyyatda yol getməyin maraqlı tərəfləri də var. Oturduğu yerdə qalın geyiminə bürünüb, yarımçıq qalmış yuxusunu davam etdirənlərlə bərabər, söhbət edənlər də az olmur. Hətta həmsöhbətinin əhəmiyyət vermədiyini görsələr belə, danışmağına ara verməyənlər də var. Daha çox yaşlı nəslin nümayəndələri, öz virtual dünyasına çəkilən gənclərdən fərqli olaraq, söhbət üçün darıxanlar...

Darıxdıqları yalnız söhbət, kiminləsə iki kəlmə kəsməkdirmi? 60-70 yaş arasında olan xoşsima bir dayının ürəkdən elədiyi söhbətə qulaq kəsilirəm. O qədər şirin-şirin danışır ki, başqasının söhbətinə qulaq asmaq ayıbdır, öyüdünü unuduram.

-Bilirsən, bizim kənd yarğandadır-döşdə. Çoxlu bulaqlarımız var, suyu da bumbuz. O vaxt Aran zonasından gələnlər bizim bulağın suyuna barmaqlarının ucunu vura bilmirdilər...

Aran zonasından olanlara az istehzalı göndərməsi ilə söhbətinə davam edir.

Dayı anlatdıqlarının təsirindən o qədər qanadlanıb ki, təxminən onun yaşlarında olan həmsöhbətinin onu can qulağı ilə dinləmədiyinin fərqində belə deyil.

-Bizim torpağımız da çox bərəkətlidir. Qara torpaqdır, dənavar. O gün Arifin oğlu getmişdi. Deyirdi həyətinizi yaxşı gün tutur. Suyu da ki, bol. Deyirəm gedən kimi kartof-soğan əkərəm. O gündən fikirləşmişəm.

Düşəcəyi dayanacağı ötürməmək üçün hey pəncərədən çölə baxan dayının həmsöhbəti bu yerdə sanki ayılır “hə ək-ək, bəs nə” deyə dayının sözünə vurğu qoyur.

-Qoy görək, Allah qoysa nə vaxt gedirik? Ləkləri necə çəkəcəyimi də fikirləşmişəm.

Laqeyd həmsöhbət düşmək üçün ayağa durub. Hətta qapıdan da çıxıb. Dayı isə dayanmadan danışır...

Avtobusun qapısı bağlanır. Dayı üzündəki təbəssümlə birlikdə susur. Ayaqlarının arasına qoyduğu rəngli “kloku” bir az da irəli çəkir, yavaş-yavaş mürgüləyir...

Yolun tıxacından fikrimi yayındıran dayının susması kefimi pozsa da, danışdıqları yeni düşüncələrə yelkən açır. Ermənilərin hansısa super güclərlə müttəfiq olduğu, revanşist fikirlərə düşdüyü, müharibə, falan-filan söhbətləri gəlir ağlıma. Söz yox ki, vaxtilə erməniləri bu torpaqlara gətirənlər, bu plan üçün kilolarla qızıl, pul xərcləyənlər bu gün də planlarının arxasında duracaqlar. Ermənistan, zatən onların planlarının məhsulu deyilmi?

Ermənini orda tutmaq üçün əllərini daşın altına qoymalıdırlar, ya yox?

Bizim dayı 30 ildən sonra da öz doğma torpağının buz bulağı, qara torpağı üçün gözləri dola-dola danışır. Səbəbsiz deyil. Çünki dayının ruhu o doğma torpaqlarda dolaşır, geni, yaddaşı ordadır.

Nəysə ki, insanın doğulduğu torpağa bağlılığı məsələsi artıq elmi şəkildə də izahını tapır. Dünya alimləri insan öldükdən sonra onun hafizəsinin torpağa köçdüyünü və orada yaşadığını sübuta yetirir. Doğma torpağından aralı düşən insanlarımızı illər sonra bu cür riqqətə gətirənin nə olduğuna Türkiyənin tanınmış elm adamı, beyin cərrahı, eyni zamanda filosofu İsmayıl Hakkı Aydının söhbətləri fonunda baxaq.

Professor deyir ki, insan ölərkən onun hafizəsi, DNT-si, molekul və proteinləri və s. hamısı yaşadığı torpağa keçir. Bu yolla bitkilərə, heyvanlara ötürülür və onlarla bərabər yaşayır. İsveçrədə alimlər artıq torpağın qeydə aldığı məlumatları açığa çıxarmaq üçün tədiqiqatlar aparır.

Xatırlayıram, bir erməni qadın müsahibəsində vaxtilə xalqımızın zorla çıxarıldığı kəndlərə daxil olmaqdan xoflandıqlarını deyirdi.

Xoflanır, çünki o torpaq kimə aid olduğunu fısıldayır. Bu torpağın üzərində dövlət qura bilərsən, amma ruhunu təslim ala biməzsən. Necə ki, illər sonra dünyanı heyrətə gətirən Azərbaycan oğulları öz torpaqlarını geri qaytardı. Orada yaşamış əcdadlarımızın ruhundan güc alaraq...

Bu gün insanlarımız doğma yurduna qayıdır. Dayılar, xalalar, nənələr doğma torpaqlarına ayaq basacağı günü gözləyir, Allahdan ömür diləyirlər.

O biri tərəf yenə öz qara-qura dünyasında əlləşir.

Amma tarixi, daha doğrusu kağız-kuğuzu saxtalaşdıran ermənilər, gərək torpağın da danışdığını yaddan çıxarmasınlar...

Aygün İbrahimli