Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

“Həri” verənlər, restoranlar, mollalar cəzalandırılacaq- SƏBƏB

Bu il ölkədə nikaha daxilolma ilə bağlı ciddi dəyişikliklərə səbəb olacaq qanunlar qüvvəyə minəcək.

Belə ki, 2024-cü ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Edilən dəyişikliklər nəticəsində qohum evliliklər qadağan olunacaq, eləcə də istisna hallarda 18 yaşına çatmayanların nikaha daxil olmasına icazə verilməyəcək. Qanunların qüvvəyə minməsi ilə hansı yeniliklərin şahidi olacağıq? Bundan sonra ailə qurmaq istəyənlər, eləcə də prosesin təşkilatçıları nələri bilməlidir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə mövzu ilə bağlı TNS-ə açıqlamasında Ailə Məcəlləsinə edilən dəyişikliyə toxunub: “Bu il iyulun 1-dən qohum nikahları qadağan edən qanun qüvvəyə minəcək. Həmçinin nikah yaşının müəyyən güzəştlər əsasında bir yaş azaldılaraq, 17 yaşa endirilməsi məsələsi ləğv olundu. Bu proses müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi. Yaşın azaldılması güzəştindən vətəndaşlar sui-istifadə edirdilər. Yaxın qohumların xəstə olması və s. kimi amilləri əsas gətirirdilər. Ona görə də istisna hallarda yaşın 17-yə endirilməsi ləğv olundu”.

Eyni zamanda, Cinayət Məcəlləsinin 176-cı maddəsinə dəyişklik olunduğunu deyən qurum rəsmisi bildirib ki, həmin maddənin dispazisiyasında “qadının nikaha” sözləri, “nikaha və erkən evliliyə” daxil olması sözləri ilə əvəzlənib.

Tural Hüseynzadə bildirib ki, bu dəyişikliklər nəticəsində 18 yaşına çatmayan şəxsin evliliyini təşkil edən və bu işdə qarşılıqlı əlaqə yaradan  şəxslərin də məsuliyyəti olacaq: “Dəyişikliklər erkən evliliklə bağlı müvafiq inzibati cərimələrin təkmilləşdirilməsi, püxtələşməsi və yaxud yenilənməsi ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişkliklərə görə 18 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma, yəni əvvəllər mövcud olan, bizim el adəti ilə desək, “həri”, “sözkəsdi”və s. kimi ifadələrin heç birinə yol verilməyəcək. O mərasimin təşkil olunması ilə bağlı işləri görənlər də cəzalandırılacaq. Bundan başqa, yetkinlik yaşına çatmayanların mərasimini təşkil edən şadlıq sarayları, restoranlar da cərimələnəcək. Əgər bu hal təkrar baş verərsə, cərimə ikiqat artacaq. Digər bir dəyişiklik isə yetkinlik yaşına çatmayanların dini kəbininin kəsilməsi ilə bağlıdır. Nikah şəhadətnaməsi olmadan kəbinkəsmə mərasimi edən din xadiminin özü də müvafiq formada cərimələnəcək. Təkrar bu əmələ yol verənlərin cəzası daha da ağırlaşacaq. Bu dəyişikliklər hamısı 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək”.

Aygün