Close

Məktəb müəllimlərinə xəbərdarlıq: "Diqqətli olun"

Hazırda əhali arasında kəskin respirator virus infeksiyaları yayılıb. Virusa yoluxanlarda yüksək hərarət, ürək bulanması və qusma, öskürək və burun axması, güclü əzələ ağrıları və s. əlamətlər özünü göstərir.

Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi yaydığı məlumatda metapnevmovirus-qripəbənzər respirator xəstəliyin adını vurğulayıb. Respirator virus infeksiyalarının ştamlarından olan metapnevmovirusun Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunduğunu açıqlanıb. Ölkəmizdə bu virusa yoluxma hallarının olub-olmadığı konkret olaraq açıqlanmasa da, epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmalarının molekulyar üsulla (PZR) müayinəsinin aparıldığı vurğulanıb.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən-tibbi maskalardan istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil olunmasını tövsiyə edib. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində müalicə olunması da tövsiyə olunur. 

Virusa yoluxanlar arasında uşaqların üstünlük təşkil etdiyini nəzərə alsaq, məktəblər diqqətdə saxlanmalıdır. Hazırki virus infeksiyalarından yaranan xəstəliyin əlamətləri bəzən bir aya yaxın davam edir. Yeni sağalan uşaqlar məktəbə gedən kimi yenidən yoluxa bilir. Bir xəstə uşağın bütöv sinifi yoluxdurmaq təhlükəsi də diqqətdə saxlanmalıdır. Belə vəziyyətdə övladı məktəbə gedən valideynlər narahatlıq keçirir.

Bəs, hazırda məktəblərdə vəziyyət necədir? Dərsə davamiyyət problemi varmı? Ümumiyyətlə, məlum xəstəliklərlə bağlı hansı qabaqlayıcı tədbirlər görülür?

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) TNS-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər arasında hər hansı bir xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir: “Ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.

Qeyd edək ki, bu gün ölkədə meymunçiçəyi virusuna yoluxma faktının olduğu açıqlanıb.

Virusların tüğyan etdiyi mövsümdə məktəblərdə şagirdlərin gigiyena qaydalarına əməl etməsinə ciddi nəzarət olmalıdır. Narahatlıq yaradan məqamlardan biri odur ki, məktəblərin əksəriyyətində ayaqyoluların vəziyyəti ürəkaçan deyil. Tualetdən istifadə edən uşaqlar, demək olar ki, sonradan əllərini yumaq üçün su və sabundan istifadə etmir. Məktəblərin yaxınlığında fərdi şəxslərin hansı şəraitdə bişirdiyi məlum olmayan qidalar satılır. Bu hallar da xəstəliklərin yayılmasına şərait yaradır.

Aygün