Geni dəyişdirilməyən toxumları belə əldə etmək olar
Hazırda dünyada narahatlıq yaradan problemlərdən biri də geni dəyişdirilmiş bitkilərlə bağlıdır. Bu bitkilərdən əmələ gələn meyvə və tərəvəzlər özünəməxsus dad və keyfiyyəti itirmiş olur. Məhsuldarlıq, uzun müddət saxlamaq və s. məqsədlərə xidmət edən bu müdaxilə artıq yerli toxumları sıradan çıxarır. Problem ölkəmizdə də var.
Mütəxəssislər bildirir ki, taxıl bitkilərində geni dəyişdirilmiş məhsullar olmasa da, pomidor, kartof, yem bitikləri, soya kimi geni dəyişdirilmiş məhsullar ölkəyə gizlin şəkildə gətirilir.
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, professor Zeynal Əkbərovun TNS-ə verdiyi məlumata görə, gen dəyişkliyi keçmişdə də olub: “Bir sort buğda ilə digər sort buğdanı hibridləşdirib, birinin yaxşı genlərini digərinə keçirirdilər. Bu cür gendəyişmə bitkinin öz cinsi ilə olan hibridləşmə olduğundan problem yaratmır. Amma elə bitkilər var ki, onların tərkibinə hansısa bir heyvandan alınan genlər keçirilir. Tutaq ki, pomidora, mandarinə soyuğa davamlı heyvanların geni keçirilir”.
Professorun fikrincə, bu cür məhsullardan istifadə etməzdən əvvəl bioloji təhlükəsi olub-olmadığı tam yoxlanılmalıdır. Əks təqdirdə, allergik xəstəliklər, bir sıra digər problemlər yarana bilir.
Geni dəyişdirilmiş məhsulları tamamilə qadağan etmək mümkün olmasa da, hazırda bir çox ölkələr yerli toxumlardan orqanik məhsullar yetişdirməklə bu problemin qarşısını almağa çalışır. Ölkəmizdə də insanlar arasında ata-baba toxumundan istifadə etmək istəyənlər az deyil. Belə ki, insanlar satmaq üçün daha çox müdaxilə olunmuş toxumlardan istifadəyə üstünlük verir, amma öz qidalanması üçün yerli toxumlardan məhsul almaq istəyənlər az deyil. Məsələ ondadır ki, hazırda bu toxumları bazar və marketlərdə tapmaq mümkün deyil.
Qonşu Türkiyədə vətəndaşların dədə-baba toxumlarını rahatlıqla əldə edə bilməsi üçün Kənd Təsərrüfatı Kredit Kooperativlərinin bazarlarında satışı həyata keçiriləcək.
Bəs, ölkəmizdə bu cür yerli toxumlardan istifadə etmək istəyən insanlar nə etməlidir?
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda müxtəlif yerli kənd təsərrüfatı bitkilərinin toxumları toplanaraq mühafizə olunur. İnstitutun baş direktorunun sözlərinə görə, 15-20 il əvvəl bütün bölgələri gəzərək yerli toxum növləri toplanıb: “Bizim ölkədə olan və xaricə aparılan nümunələrin hər birini toplayıb Azərbayacana gətirmişik. Daha sonra "Genbank" hazırladıq və toxumları mühafizə edirik. “Genbak"da aşağı temperatur yaradılır və toxumların suyu qurudularaq soyuducuda saxlanılır. Bu üsulla bitkilərin toxumlarını 100-120 il saxlamaq olur. Məqsəd odur ki, vaxtilə dədə-babalarımızın xalq seleksiyası üsulu ilə seçdikləri müxtəlif bitki növlərini gələcək nəsillərə saxlamaq mümkün olsun. Vaxtilə xalq seleksiyası ilə yaradılan bitkilərin çörəyi ətirli olur, xəstəliyə az tutulurlar. Onlara qarşı kimyəvi maddələr az istifadə olunur və s. “Genbank”da təxminən 9500-10000-ə qədər bitki toxumları saxlanılır”.
Bəs, həmin məhsullardan istənilən vətəndaş əldə edib öz təsərrüfatında əkə bilərmi?
İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Mehrac Abbasov TNS-ə bildirib ki, “Genbank”da saxlanılan toxumlardan sadəcə 300 qram olmaqla gələcək tədqiqatlar üçün mühafizə olunur.
O bildirib ki, əgər hər hansı bir fermer yerli dədə-baba sortlarına aid toxum istəyərsə, sifarişə uyğun olaraq onlar üçün toxum istehsal olunur. O qeyd edib ki, toxum əldə etmək istəyənlər institutun direktoruna ərizə göndərir, müəyyən bir kvota çərçivəsində onlar üçün toxum yetişdirilir: “Kənd Təsərrüfatı Nazirliyinin müvafiq tədqiqat mərkəzləri tərəfindən də, istəyənlər üçün toxum istehsal olunur”.
M.Abbasov onu da bildirib ki, hazırda yerli toxuma təlabat çoxdur: “Müraciətlər çox olur. Nə qədər toxum istehsal olunsa da, yenə satılır”.
Ümid edək ki, yaxın zamanda həm fermerlər, həm də istehlakçılar yerli toxum və məhsulların daha sağlam və dad baxımından üstün olduğunu görəcək və bu məsələyə daha məsuliyyətli yanaşacaq.
Aygün