Buraxılış imtahanında yenilik – Bu, balların azalmasına səbəb olacaq
Məlum olduğu kimi, bu il ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Dövlət İmtahan Mərkəzi (DİM) yeni modelə dair tapşırıq nümunələrinin 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8-9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verildiyini də açıqlamışdı.
Təhsil mütəxəssisləri bu dəyişkliyin buraxılış imtahanlarının nəticələrinə təsir edə biləcəyini bildirir.
Bu barədə TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bildirib ki, buraxılış imtahanlarında 300 bal toplayanların sayının azalma ehtimalı var. Bu hal, eləcə də, 9-cu siniflərin buraxılış imtahanlarında balların azalmasına səbəb ola bilər.
O, yeniliklərdən bəhs edib: “Yeniliklərdən biri olaraq, şəkil əsasında esse yazmaq tələb olunur. Bu yeniliyə görə, 9-cu sinif şagirdləri xarici dildə ən az 35 sözdən ibarət esse yazmalıdırlar.
Bir çox şagird bu yelilikdən narahat olduqlarını bildirir. Belə ki, şagirdlərin əksəriyyətinin söz ehtiyatının az olması və onların yazılı ifadə bacarıqlarının zəif olması təhsil ictimaiyyəti arasında müzakirə edilir. Esse yazmaq təkcə dilin qrammatikasını bilmək deyil, həm də məntiqi düşünmə, yaradıcı yanaşma və fikri strukturlaşdırma bacarıqları tələb edir ki, bu da şagirdlər üçün elə də asan deyil. Bu il 9-cu sinfi bitirənlər böyük ehtimalla 11-ci sinif buraxılış imtahanında da esse yazmalı olacaqlar. Məncə, şagirdləri buna hazırlayırlar”.
Kamil Məmmədov bildirib ki, Azərbaycan dilində doğru-düzgün inşa yaza bilməyən şagirdlərdən ingilis dilində yazı yazılması tələbi çətinliklər yarada bilər: “Şagirdlər Azərbaycan dilində normal inşa yazmaqda çətinlik çəkir. Bu şagirdlərdən xarici dildə inşa tələb olunacaq. Üstəlik də şəklə baxaraq, 35 söz limiti ilə yazmaq tələbi qoyulur. O baxımdan, imtahan modelindəki bu dəyişikliklərin şagirdlərin ümumi nəticələrinə təsir edəcəyi və 300 bal toplayanların sayında azalmaya səbəb ola biləcəyi ehtimalı var”.
Onu da qeyd edək ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modeli tətbiq ediləcək.
Eyni zamanda, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında da ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) dəyişməyəcək.
Aygün