Bu qidalarda GMO aşkarlandı – Onların idxalına kim “yaşıl işıq” yandırıb?
Azərbaycan Qida Təhlükəsizliyi Azərbaycana gətirilən qida məhsullarının tərkibində genetik modifikiasiya olunmuş orqanizmlər (GMO) aşkarlayıb.
Bununla bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, GMO-nun lobbiçiliyini aparan insanlar var.
Eyyub Hüseynov qeyd edib ki, 20 ilə yaxındır, İrandan Azərbaycana tərkibində GMO olan bitkilər və toxumlar gəlir: "Çox yaxşı haldır ki, tərkibində GMO olan məhsullar müsadirə edilib. Bu məsələ ardıcıl olmalıdır. Təəssüf ki, iki il öncə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri geni modifikasiya olunmuş quş və heyvan yemlərinin Azərbaycana gətirilməsinə "yaşıl işıq" yandırdı.
Bu, çox pis haldır. Geni modifikasiya olunmuş yemlərlə hansı heyvanlar qidalanırsa, bu məlumat istehsal olunan məhsulların üzərinə yazılmalıdır. Çünki istehlakçının bunu bilmək almaq hüququ var. Tərkibində GMO olan qidalar birmənalı şəkildə insana ziyandır”.
Sədr qeyd edib ki, hansısa meyvə və ya tərəvəzin toxumları əkildikdə bar vermirsə, onlar geni modifikasiya olunmuş sayılır: “Bunlar hamısı mənim ehtimallarımdır. Mütləqdir ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparılsın".
Ayşən Azadova