Close

AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün yenidən inşası sürətlə davam etsə də, ərazidə olan marşrut avtobuslarının hərəkət sxeminin dəyişdirilməsi sərnişinlərin narahatlığına səbəb olub.

TNS-ə müraciət edən Saray qəsəbə sakinləri bildiriblər ki, marşrut xətlərinin plansız dəyişdirilməsi onlara xeyli çətinliklər yaradıb. Xüsusilə, 523 saylı marşrutun sərnişinləri bir aya yaxındır ki, küçələrdə çaş-baş qalıb. Sumqayıt-Saray-Xırdalan marşrutu üzrə avtobusların hərəkəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qərarı ilə dəyişdirilib. Təxminən 8-10 dəqiqə intervalla hərəkət edən avtobusların hərəkət istiqaməti dəyişdirilib, həmin nəqliyyat vasitələrinin Sumqayıta girişinə icazə verilmir. Marşrut indi yalnız Saray-Xırdalan və Xırdalan-Saray xətti üzrə hərəkət edə bilir. Sakinlər əvvəllər Sumqayıt şəhərindən Saray qəsəbəsinə, oradan isə Xırdalana rahat və təhlükəsiz hərəkət edə bildikləri halda, indi bu rahatlıqdan məhrum olublar. Nəticədə 523 saylı marşrutdakı avtobusların sayı iki dəfə azaldılıb, avtobuslar arasındakı interval 8 dəqiqədən yarım saata qədər artırılıb. Bu da sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinə səbəb olub. 

Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə 523 saylı marşrut xəttinin daşıyıcısına müraciət etmək istəsələr də, cəhdləri boşa çxıb: "Nə daşıyıcını tapa bilirik, nə də kiməsə sözümüzü deyə bilirik. Sürücülər isə bildirirlər ki, avtobusların sayı rəhbərliyin qərarı ilə azaldılıb. Xətdə 20-yə yaxın avtobus var idi, indi heç 10 avtobus qalmayıb. Sürücülər də növbəli iş rejiminə keçdiyindən özlərinə başqa iş axtarmaq qərarı veriblər. Sözümüzü ancaq sürücülərə deyə bilirik. Onlar da deyir ki, nə göstəriş verilirsə, icra edirlər. Dəfələrlə etiraz etsək də, səsimizə səs verən yoxdur. Sürücülər deyir ki, qərarı AYNA verib, marşrut xəttini onlar müəyyən edib, marşrut sahibi də ona görə avtobusların sayını azaldıb”.

Sakinlər bildiriblər ki, hazırda bir marşrut üzrə hərəkət edənlər həm saatlarla yolda dayanır, həm də ikiqat xərcə düşürlər: “523 saylı marşruta minirdik, 50 qəpik ödəməklə Saraya, oradan isə Xırdalana rahat gedirdik. Amma indi biz həmin marşrutla 50 qəpik ödəməklə Xırdalana getməliyik, Xırdalanda düşüb başqa marşrutla Sumqayıta getməliyik. Bunun üçün isə əlavə 50 qəpik də ödəməliyik. Guya ki, bunlar problem həll ediblər.

Xırdalandan Sumqayıta 505 saylı marşrut açıblar. Həmin marşrut üzrə hərkət edən avtobuslar saatda 1 dəfə gəlir. Biz Sumqayıta getmək üçün 10 dəqiqəlik yolu 2 saata gedirik. Bu, hansı düşüncə ilə, kim tərəfindən edilib, məlum deyil. 505 saylı marşrutda işləyən avtobuslar yarım saatdan, bir saatdan bir gəlir. Əksəriyyətimiz 523 saylı avtobusla Saray körpüsünə gəlib, oradan sökülmüş körpünün yanından piyada, palçığa bata-bata keçib, Sumqayıtdan digər marşrutla bazara gedirik. Heç kim də bizim səsimizi eşitmir. Nə AYNA, nə daşıyıcı, nə də sürücülər. Artıq sürücülərlə üz-üzə qalmışıq. Demək olar ki, hər gün sürücülərə dava edirik. Dərdimizi kimə deyək?”

 Məsələ ilə bağlı TNS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu barədə əvvəlcədən sakinlərə məlumat verilib: “Məlumat verildiyi kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün inşası ilə əlaqədar 8 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib: “Vətəndaşların Sumqayıtdan Xırdalana birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli marşrut fəaliyyət göstərir. Marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Sumqayıt şəhərinin Koroğlu prospekti (dairənin yaxınlığı) müəyyən edilib”.

P.S.: Anladıq ki, sərnişinlərə məlumat verilib. Amma onlara deyilməyib ki, bir marşrut üzrə hərəkət etmək üçün saatlarla yollarda qalacaqsınız, ikiqat xərcə düşəcəksiniz, saatlarla küçələrdə avtobus gözləyəcəksiniz. AYNA-nın ağlasığmaz planı sərnişinləri didərgin salmaqdan başqa bir şey deyil.