Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Tarif Şurası tərəfindən dərmanların qiymətinin yuxarı həddi müəyyənləşsə də, dərmanların qiyməti apteklərdə müxtəlifdir.
Bunun səbəbi nədir?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən invaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov bildirib ki, aptekdə satılan eyni dərman preparatlarının müxtəlif qiymətə olmasına tez-tez rast gəlinir.
Zülfüqar Yusifov qeyd edib ki, apteklərdə müxtəlif qiymətlər ola bilər, bu qiymətlər Səhiyyə Nazirliyinin bəlli təlimatına əsasən tənzimlənir: “Dərman vasitələrinin qiymətlərinin yuxarı həddi keçilməməlidir. Bu qaydalar daxilində ayrı-ayrı satış məntəqələri müxtəlif qiymətlər qoya bilir. Bəzi apteklər dərman preparatlarının qiymətinin ən aşağı həddini, bəziləri isə ən yuxarı həddini seçir”.
İqtisadiyyat Nazirliyinin mətbuat katibi Leyla Zamanova saytımıza açıqlamasında bildirib ki, dərmanların təsdiq edilən qiymətdən baha satılması qanun pozuntusudur.
"2023-cü ildən etibarən dərmanların qiymətinin təyin olunması qaydası dəyişib. Tarif (qiymət) Şurası tərəfindən dərmanların qiymətinin yuxarı həddi təyin olunur. Məsələn, hər hansı bir dərmanın qiyməti Tarif (qiymət) Şurası tərəfindən 10 manat olaraq təsdiqlənibsə, bu, o deməkdir ki, həmin dərmanı heç bir aptek 10 manatdan baha sata bilməz. Amma 10 manatdan aşağı istənilən qiymətə - 9, 8 manata və ya daha aşağı qiymətə sata bilər. Təsdiqlənmiş qiymətdən baha satan olarsa, artıq bu, qanun pozuntusudur. Bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə Leyla Zamanova bildirib.
Qeyd edək ki, Tarif Şurası yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib.
Ayşən Azadova