Close

Şagirdə xəsarət yetirən məktəbli qovuldu

Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb.

TNS xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir".

Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir:

"Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır".

İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb.

Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.