Sürüşmə zonaları aktivləşib - Səbəb bu imiş
Ölkədəki sürüşmə sahələrində aktivlik artıb. Bu aktivlik nə ilə əlaqələdir? Təhlükəli zonalar hansılardır?
Mövzu ilə bağlı TNS-ə danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, hazırda respublikada havalar yağıntılı keçir və qanunauyğunluq pozulur.
O qeyd edib ki, buna hansısa bir anomaliya da demək olar: "Bakı və Sumqayıt da daxil olmaqla meteoroloji stansiyalarının çoxillik rəqəmlərinə baxanda görürük ki, bəzi aylarda yağıntı olmayıb. Hətta yanvar və fevral aylarında yağıntının səviyəsi normadan azdır. Bu baxımdan son vaxtlar respublikamızda qeydə alınan yağıntıları anomaliya kimi qiymətləndirmək olar. İndi yağıntılar çoxdur, hətta daşqınların qarşısını almaq üçün Kür çayının bəndlərini də bərkidirlər. Təbii ki, qanunauyğun olmayan hava şəraiti ilə əlaqədar müxtəlif növ sürüşmələr yarana bilir. Sürüşmələri yaradan amillərdən biri də respublikanın müxtəlif yerlərində gedən yol tikinti işləridir. İnşaat işləri düzgün qurulmayanda sürüşmələr baş verir. Bəzi ərazilərdə quraqlıq olub, uzun müddət yağış düşməyib. Qəflətən yağan yağışlar dərhal torpağa hopur, torpağın üst qatı suyu digər qatlara ötürür. Nəticədə orada sürüşkən bir mühit yaranır”.
Ənvər Əliyev vurğulayıb ki, sürüşmə zonasına məhv edilmiş meşələr də daxildir: “Böyük Qafqazın cənub dolaylarında da məhv edilmiş meşələrdə kifayət qədər sürüşmələr baş verir. Sürüşmələr Qafqazın cənub, şimal-şərq yamacında, Lənkəran-Astara zonasında, Kiçik Qafqazda müşahidə olunur.
Bakıya gəlincə, paytaxtda tikinti işləri o qədər də sürüşmələrə uyğun aparılmır. Nəticədə Bakının müxtəlif ərazilərində, daha çox şimal-şərq hissəsində, Abşeron yarmadasında və Yasamal tərəfdə sürüşmələr olur. Bu halların qarşısını almaq üçün ciddi tədbirlər görmək lazımdır”.
Ayşən Azadova