Close

Azərbaycan və Şimali Kiprin universitetləri arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin (DAU) rektoru professor Hasan Kılıç ilə görüşüb.

AzMİU-dan TNS-ə bildirilib ki, görüşdə Azərbaycan və Şimali Kipr arasındakı təhsil əlaqələrinin inkişafı, elmi tədqiqatlarda əməkdaşlığın genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, yay məktəblərinin təşkili və birgə seminar-konfransların keçirilməsi məsələləri müzakirə olunub.

Rektorlar rəhbərlik etdikləri universitetlərin prioritetləri və inkişaf strategiyaları barədə məlumat verərək bu sahələrdə fikir mübadiləsi aparıblar. Görüşün sonunda AzMİU və DAU arasında qeyd olunan məsələləri əhatə edən əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, AzMİU və DAU arasında əməkdaşlıq əvvəlki illərdə də uğurla həyata keçirilib. AzMİU-nun 70 nəfərdən ibarət tələbə və müəllim heyəti 2011-2014-cü illərdə DAU-nun yay məktəbi proqramlarında iştirak edib. 2023-cü ildə isə DAU-nun bir tələbəsi AzMİU-da təhsil alıb.

Ötən ilin fevral ayında Avrasiya Universitetlər Birliyinin (EURAS) İstanbulda keçirilən toplantısında və may ayında AzMİU-nun ev sahibliyi etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində gələcəkdə birgə fəaliyyətlərin artırılması və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.