Close

Məktəblər risk altındadır - Dərslərə fasilə veriləcək?

Yenə mövsümi qrip və digər kəskin respirator virus infeksiyaları yayılıb.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, Çin, Qazaxıstan və Rusiyada virus infeksiyalarının yeni ştamlarının daha bir təzahürü olan metapnevmovirus müşahidə olunur. Bu, mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.

O da vurğulanıb ki, bu infeksiyaya əsasən, kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. 

Ölkəmizdə adı keçən virusun olduğu təsdiqini tapmasa da, hazırda istər böyüklər, istərsə də uşaqlar arasında müxtəlif virus infeksiyalarından yaranmış xəstəliklər özünün göstərir. Xəstəlikdən sağalan uşaqlar məktəbə getdikdən bir-iki gün sonra təkrara xəstəliyə yoluxur.

Mütəxsisslər isə xəbərdarlıq edir ki, istənilən respirator virusdan qorunmağın ilk şərti özünütəcriddir. Pediatr Vaqif Qarayev bu barədə paylaşdığı məlumatda bildirib ki, hazırda bağça və məktəblərdə kifayət qədər virus infeksiyalarına yoluxan uşaqlar var. Həkim xəstələnmiş uşaqları məktəbə aparmamağı tövsiyə edir.

Valideynlər isə çox zaman xəstə uşaqları məktəbə aparmalı olur. Bəzisi bunu dərsdən qalmağa icazə verilmədiyi, bir qismi dərslərindən geri qalmamaları və digər səbəblərlə izah edir.

Bəs dərslərə, bir müddətlik də olsa, fasilə verilməsi nə qədər mümkün ola bilər? Ümumiyyətlə, bu məsələ ilə bağlı yeni bir modelin yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil üzrə mütəxəsssis Kamran Əsədov bildirib ki, son günlər şagirdlər arasında infeksiya hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur: “Məktəblər kollektiv mühit olduğu üçün xəstəliklərin sürətlə yayılmasına ən əlverişli yerlərdən biridir. Bu vəziyyət valideynləri, müəllimləri və təhsil sahəsindəki mütəxəssisləri düşündürür. Sual yaranır ki, məktəblərin müvəqqəti bağlanması və ya onlayn dərslərə keçid xəstəliklərin yayılmasının qarşısını almaq üçün effektiv həll yolu ola bilərmi?

Məsələyə hərtərəfli yanaşmaq üçün həm uşaqların sağlamlığı, həm də təhsil prosesinin davamlılığını nəzərə almaq vacibdir. Şagirdlərin kollektiv şəkildə bir arada olduğu sinif otaqları və məktəb mühitləri virusların yayılması üçün ideal şərait yaradır. Yoluxan şagirdlər dərs zamanı digər uşaqlara və müəllimlərə, eyni zamanda evə qayıtdıqda ailə üzvlərinə virusu ötürə bilirlər. Xəstəlikdən sağalan şagirdlər məktəbə qayıtdıqda isə yenidən yoluxma riski ilə üzləşirlər. Bu, yalnız infeksiyanın təkrar yayılmasına deyil, həm də xəstəlik hallarının dövri olaraq artmasına səbəb olur.

Bununla yanaşı, məktəblərin bağlanması və onlayn dərslərə keçid məsələsi kompleks müzakirə tələb edir. Onlayn tədris xəstəliklərin yayılmasının qarşısını almaq üçün effektiv vasitə ola bilər, lakin onun mənfi tərəfləri də mövcuddur. Pandemiya dövründə əldə olunan təcrübələr göstərdi ki, onlayn tədris bir çox şagirdin təhsil keyfiyyətinə və sosial-emosional inkişafına mənfi təsir göstərir. Uşaqların təhsilə marağı azalır, ekran qarşısında keçirdikləri uzun müddət onların psixoloji sağlamlığına təsir edir, sosial bacarıqları zəifləyir. Bundan əlavə, internetə və cihazlara çıxış problemi olan şagirdlər təhsildən kənarda qala bilər. Azərbaycanda bəzi ailələrin onlayn təhsilin tələblərinə uyğun resursları olmadığı üçün bu yanaşma təhsil bərabərliyini pozan faktor kimi də ortaya çıxa bilər”.

Mütəxəssis bu məsələdə dünya təcrübəsinə də toxunub: “Dünya təcrübəsinə nəzər saldıqda, müxtəlif ölkələr oxşar vəziyyətlərdə fərqli yanaşmalar tətbiq edib. Məsələn, pandemiya dövründə İsveç məktəbləri tamamilə bağlamaq əvəzinə, siniflərin sayını azaltmaq və şagirdlərin fiziki məsafə saxlamasını təmin etmək üçün məktəb rejimini yenidən təşkil etdi. Bu yanaşma həm təhsilin davamlılığını təmin etdi, həm də xəstəliklərin yayılma sürətini azaltdı. Digər tərəfdən, Çin və İtaliya kimi ölkələr virusun sürətlə yayılmasını dayandırmaq üçün məktəbləri qısa müddətə bağladı və onlayn dərs modelinə keçdi. Lakin bu ölkələrdə də uzun müddətli məktəb bağlanmaları şagirdlər və valideynlər arasında stress və təhsil boşluqları yaratdı.

Azərbaycanda məktəblərin bağlanması məsələsinə gəldikdə, bu qərar infeksiya hallarının miqyasına və yayılma sürətinə əsaslanmalıdır. Hazırda əsas diqqət təhsilin davamlılığını təmin etməklə yanaşı, şagirdlərin və müəllimlərin sağlamlığını qorumaq olmalıdır. Məktəblərin tamamilə bağlanması əvəzinə, daha balanslaşdırılmış yanaşmalar tətbiq edilə bilər.

Birinci növbədə, məktəblərdə gigiyena tədbirləri gücləndirilməlidir. Sinif otaqlarının müntəzəm dezinfeksiya edilməsi, havalandırılması və şagirdlərin əl yuma vərdişlərinin təşviq edilməsi xəstəliklərin yayılmasının qarşısını almağa kömək edər. Həmçinin, xəstələnmiş şagirdlərin və ya simptomlar göstərən şəxslərin evdə qalması təşviq olunmalıdır. Bu yanaşma infeksiyanın məktəbdə geniş yayılmasının qarşısını alar.

Daha ciddi infeksiya hallarının müşahidə edildiyi məktəblərdə qismən bağlanma və ya növbəli təhsil rejimi tətbiq oluna bilər. Məsələn, şagirdlər siniflərə bölünərək bir qismi məktəbdə əyani təhsil alarkən, digərləri onlayn dərslərdə iştirak edə bilər. Belə bir yanaşma həm məktəbdə sıxlığı azaldar, həm də təhsilin davamlılığını təmin edər”.

Kamran Əsədov onu da vurğulayıb ki, təhsil prosesində onlayn dərslərin tətbiqi yalnız müvəqqəti və zəruri hallarda düşünülməlidir: “Əgər infeksiya hallarının sürətlə artması məktəblərin bağlanmasını labüd edərsə, bu keçid üçün məktəblər və müəllimlər əvvəlcədən hazırlanmalıdır. Şagirdlərin onlayn dərslərə çıxışını təmin etmək üçün əlavə dəstək mexanizmləri yaradılmalı, cihaz və internet təminatı olmayan ailələr üçün xüsusi proqramlar hazırlanmalıdır.

Məktəblərin bağlanması qərarı yalnız tibbi göstəricilər, təhsil mütəxəssislərinin tövsiyələri və cəmiyyətin ehtiyacları nəzərə alınaraq qəbul edilməlidir. Təhsil və sağlamlıq arasında balansı qorumaq üçün çevik və effektiv yanaşmalara ehtiyac var. Məqsəd həm şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək, həm də təhsil prosesini mümkün qədər davamlı saxlamaq olmalıdır. Belə bir yanaşma yalnız bugünkü problemi həll etməyəcək, həm də gələcəkdə oxşar hallar üçün dayanıqlı bir model yaradacaq”.

Aygün