Övladlığa verilən uşaqlardan geri qaytarılan olubmu?
“2019-cu ildən bu günə qədər övladlığa verilən uşaqlardan geri qaytarılanı olmayıb”.
Bu barədə TNS-in sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, övladlığa götürülən uşaq 18 yaşına çatanadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır: “Monitorinq zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti və ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.
Hər monitorinqdən sonra sosial işçi hazırladığı hesabatı altsistemə daxil edir. Övladlığagötürmədən sonra aparılan monitorinqlə bağlı altsistemdə – övladlığa götürülən uşaqların uçotu bölməsində aparılan monitorinqlərin nəticələri barədə qeydlər aparılır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında övladlığagötürmə sahəsində idarəetmə 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Nazirlikdən TNS-ə verilən məlumata görə, ötən ilin 11 ayı ərzində 151 uşaq övladlığa verilib ki, onların da 73 nəfəri oğlan, 78 nəfəri qızdır.
Eləcə də, valideyn himayəsindən məhrum olmuş 21 uşaq himayədar ailəyə verilib. Himayədar ailələrə verilən uşaqlardan 9-u oğlan, 12-si qızdır.
Aygün