Əmək pensiyaları bu qədər artacaq
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, hər ilin əvvəlində əmək pensiyaları ötən il ölkə üzrə orta əməkhaqqında olan artım faizinə uyğun olaraq indeksləşdirilib artırılır.
İndeksasiya məhz hər il yanvarın 1-dən hesablansa da, Dövlət Statistika Komitəsi tərəfindən orta aylıq əməkhaqqında olan artım faizi hər il fevralın əvvəlində elan olunur”.
Bunu TNS-ə açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, rəsmi rəqəm elan olunduqdan sonra Prezident İlham Əliyev tərəfindən indeksləşdirmə ilə bağlı Sərəncam verilir və bununla da əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir: “Gözlənilir ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sənəd növbəti ayın əvvəlində imzalanacaq. Baxmayaraq ki, indeksləşdirmə fevral ayında həyata keçiriləcək, bununla belə əmək pensiyalarındakı artım yanvar ayından hesablanacaq. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə pensiyaçılara ödəniləcək.
İlkin gözlənti ondan ibarətdir ki, əmək pensiyaları orta hesabla 8 fazidək indeksləşdiriləcək. Amma konkret rəqəm Dövlət Statistika Komitəsi tərəfindən elan olunduqdan sonra bəlli olacaq”.
Vüqar Bayramov vurğulayıb ki, artıq indeksləşdirmə ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulub: “1 milyon 100 min vətəndaşımızın pensiyası indeksləşdirilərək artırılacaq. İndeksləşdirmə üçün təxminən yarım milyard manat vəsaitin əlavə olaraq ayrılması nəzərdə tutulur”.
Aygün