Bayramların ənənəvi problemi – Boyat yeməklər ciddi fəsadlar yaradır
Bir həftəlik bayram tətili davam edir. Bu günlərdə müxtəlif əyləncələrlə yanaşı, növbənöv yeməklərin, salatların hazırlanması da ənənəvi qaydalardandır. Çox vaxt hazırlanan qidalar bir neçə gün saxlanılaraq istifadə edilir, yaxud da bir neçə növ yemək eyni vaxtda qəbul edilir. Bu hallar insan sağlamlığı ilə bağlı ciddi problemlər yarada bilir. Mütəxəssislər isə qidalarla doğru rəftarın sağlamlıq üçün vacib amil hesab edir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı TNS-ə vacib olan qaydalardan danışıb.
O bildirib ki, ilk nöbbədə insan orqanizminin standart çalışma mexaniziminə malik olduğunu, buna görə də bayram günlərində və yaxud hansısa bir məclisdə qəbul olunmuş artıq qidanı normal həzm edə bilməyəcəyini nəzərə almaq lazımdır: “Artıq qida qəbulu və nəticədə həzmsizlik sağlamlıq problemlərinə yol açır. Xüsusilə, immun sistemi aşağı olan insanlar - uşaqlar, yaşlılar, allergiyaya meyilli olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, həzm problemi yaşayanlar bayram günlərində qidalanmaya xüsusi diqqət etməlidirlər. Adi günlərdə olduğu qədər qida qəbul olunmalı, qida çeşidliliyi həddən artıq qarışdırılmamalı, müxtəlif qidalar hazırlanıbsa, saxlanma şəraitinə diqqət edilməlidir. Xüsusilə, mayonezli salatlar, tərəvəzlər və ətdən hazırlanan salatlar riskli qidalardır. Bu cür qidalar hazırlandıqdan sonra 6 saat ərzində istehlak edilməlidir. Hazır olan kimi dərhal soyuducuda saxlanılmalıdır. Hər istifadə zamanı təkrar temperatur dəyişikliyinə məruz qalmamalıdır”.
Mütəxəssis vurğulayıb ki, isti yeməklər yalnız bir növ və bir heyvan ətindən hazırlanmalıdır ki, həzm problemi yaranmasın: “Fərqli heyvan ətini eyni vaxtda qəbul etdikdə həm qidanın həzmi çətinləşir, həm də şişkinliyə səbəb olur. Tətil günlərində insanlar bəzən boyat yeməklərlə qidalanmalı olurlar. Bişirildikdən sonra çox qalan qidanın qida dəyəri, tərkibindəki elementlərin faydalılıq xüsusiyyətləri azalır.
Bundan başqa, yemək zamanı şəkərli, qazlı içkilərin qəbulu həzm problemini çətinləşdirməklə yanaşı, həm də qidaların parçalanmadan bağırsaqlara keçməsinə səbəb olur. Bu da qidanın tərkibindəki faydalı elementlərin parçalanmasına mane olur. Normasında su qəbulu da unudulmamalıdır. Suyun qəbulu yeməkdən yarım saat əvvəl və yeməkdən 45 dəqiqə sonra olarsa, daha faydalıdır. Yeməkdən dərhal sonra çay və şirniyyat qəbulu da ağır sağlamlıq problemlərinə yol aça bilər”.
Məhsəti Hüseynova hər zaman risk qrupunda olan evdə hazırlanmış konservləşdirilmiş məhsullara da diqqət olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, belə məhsullar alınarkən, qapağının şişib-şişmədiyi, suyunun bulanıqlığı, dibində çöküntünün olub-olmadığı kimi amillər diqqətə alınmalıdır.
Mütəxəssis qidalar hazırlanarkən sanitar-gigiyena qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb: “Çiy ətin doğrandığı bıçaq təmiz yuyulmalıdır. Həmin bıçaq digər tərəvəzlər üçün istifadə olunmamalıdır. Çiy ətdə insan orqanizminə keçə biləcək mikrooqranizmlər və bakteriyalar var ki, bunlar ciddi xəstəliklər yarada bilər”.
Aygün