“Şirməmməd Hüseynov mükafatı” təqdim olundu
Parlament Jurnalistləri Birliyinin (PJB) təsis etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın 2024-cü il üzrə qalibi Milli Məclisin sədr müavini, ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor Rafael Hüseynov olub.
TNS xəbər verir ki, ötən gün Mətbuat Şurasında mükafatın təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ustad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir.
Şura sədri qeyd edib ki, Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük və əvəzsiz tədqiqatçısıdir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılması və cəmiyyətə çatdırılmasının görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb və ustadın adı ilə bağlı mükafatın layiqli sahibinə çatmasından məmnunluğunu ifadə edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı prinsipal məqamlardan söz açaraq, 14 namizəd arasından Rafael Hüseynovun seçildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bu seçim rəhbərlik etdiyi qurumda cəmləşmiş jurnalistlərin ümumi rəyidir.
E.Eyvazlı onu da bildirib ki, Rafael Hüseynov görkəmli şəxsiyyət, eyni zamanda, Azərbaycan üçün böyük xidmətlərə malik dəyərli elm xadimidir.