DYP küləkli hava ilə bağlı müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə TNS-ə idarədən bildirilib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur".