Close

Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?

Məktəblərdə bu və ya digər səbəblərdən şagirdlərin kütləvi zəhərlənmə halları baş verir. Hadisələrə əsasən, ya məktəb daxilində, ya da yaxınlıqda satılan qidaları yemək səbəb olur.

Məktəb bufetindəki yararsız qidalar, yaxın ərazilərdə yerləşən dönərxanalar, “peraşki” satanlar və s. Təbii ki, uşaqlar acır və iyi ətrafa yayılan yeməklərdən kənarda qala bilmir. Çünki məktəblərin lap yaxınlığnda hər cür qidalar satılır.

Mütəxəssislər, həkimlər hesab edir ki, uşaqların sağlam qidalanması ilk yerdə dayanır. Çünki sağlam qidalanmayan uşaqlar dərslərinə də yaxşı diqqət ayıra bilmir. Elə bu səbəbdəndir ki, dünyanın inkişaf etmiş ölkələri uşaqların məktəbdə sağlam qidalarla qidalanmasına ciddi əhəmiyyət verir. Bəzi ölkələr yeməyi ya pulsuz, ya da simvolik məbləğ qarşılığında verir.

Bəs ölkəmizdə məktəblərdə uşaqların sağlam qidalanma problemini necə həll edə bilərik?

Bunun üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, məktəblərdə şagirdlərin qidalanması ilə bağlı məsələlər yalnız yerli səviyyədə deyil, qlobal miqyasda müzakirə edilən mövzulardandır: “Qidalanma təhlükəsizliyi və sağlamlıq məsələləri birbaşa uşaqların fiziki və əqli inkişafına təsir edir. Məktəb mühitində sağlam qidalanmanın təmin edilməsi üçün qanunvericilik, nəzarət mexanizmləri və maarifləndirmə tədbirləri çox vacibdir.

Azərbaycan Respublikasının “Yoluxucu xəstəliklər haqqında” Qanunu və “Qida təhlükəsizliyi haqqında” Qanunu məktəb yeməkxanalarında və ya məktəb daxilində satılan qidaların təhlükəsizliyini təmin etmək üçün zəruri tələblər irəli sürür. Lakin bu qanunların icrası və monitorinqi kifayət qədər təsirli həyata keçirilmədiyi üçün məktəblərdə tez-tez keyfiyyətsiz qidaların satışı müşahidə edilir. “Təhsil haqqında” Qanunda məktəblərdə sağlam və təhlükəsiz mühitin təmin olunması qeyd edilsə də, praktikada bu sahədə ciddi çatışmazlıqlar var”.

K. Əsədov problemlə bağlı statistik məlumatlara da toxunub: “Son illərdə məktəblərdə qida ilə bağlı problemlər artmaqda davam edir. 2023-cü ildə Azərbaycan üzrə 14 məktəbdə 120-dən çox şagirdin kütləvi qida zəhərlənməsi halları qeydə alınıb. Bu hallar adətən, məktəblərdə satılan keyfiyyətsiz şirniyyatlar, qazlı içkilər və ətrafdakı dönərxanalardan alınan məhsullarla əlaqələndirilir. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına əsasən, məktəblərdə qeyri-sağlam qidalanma uşaqlarda piylənmə hallarını artırır. Qlobal statistikaya görə, 5-19 yaş arası uşaqların 18 faizi artıq çəkidən əziyyət çəkir”.

Ekspert bildirib ki, inkişaf etmiş ölkələr məktəblərdə sağlam qidalanma siyasətinə xüsusi önəm verir: “Məsələn, Finlandiyada məktəblərdə yalnız yüksək keyfiyyətli, yerli və ekoloji təmiz məhsulların istifadəsinə icazə verilir. Məktəb yeməkxanalarında uşaqlara pulsuz sağlam nahar təqdim olunur və qazlı içkilər, yüksək şəkər tərkibli məhsullar tamamilə qadağan edilir. Yaponiya məktəblərində isə qidalanma dərsləri məcburi olaraq keçirilir və uşaqlara balanslaşdırılmış qidalanma vərdişləri aşılanır. Bu yanaşmalar uşaqların həm fiziki sağlamlığını qorumağa, həm də onların qida seçiminə dair biliklərini artırmağa xidmət edir”.

Məktəbin girişində dönərxanalar...

Kamran Əsədov bildirib ki, məktəblərin qarşısında dönərxanaların və “fast-food” obyektlərinin açılması ilə bağlı məsələlər yalnız qida təhlükəsizliyi ilə deyil, həm də uşaqların sosial davranışları ilə əlaqədardır: “Uşaqlar məktəbdən kənarda daha az nəzarət altında olduqları üçün asanlıqla keyfiyyətsiz və zərərli qidalara yönəlirlər. Bu səbəbdən məktəbətrafı zonalarda belə obyektlərin fəaliyyəti qanunla tənzimlənməlidir. Misal üçün, İngiltərədə məktəblərin 200 metr radiusunda “fast-food” obyektlərinin açılması qadağan olunub.

Ev şəraitində hazırlanan sağlam qidaların məktəblərdə qadağan edilməsi isə ziddiyyət yaradır. Məktəblərdə evdə hazırlanan süd və un məhsullarının satışına qadağa qoyulsa da, şirniyyatlar və qazlı içkilərin sərbəst satışı daha təhlükəli nəticələrə gətirib çıxarır. Bu yanaşma həm qanunvericilikdə boşluqları, həm də praktikada nəzarətin düzgün təşkil edilmədiyini göstərir.

Fəsadlar yalnız sağlamlıq problemləri ilə məhdudlaşmır. Məktəblərdə baş verən zəhərlənmə hallarının geniş ictimaiyyət arasında yayılması məktəb rəhbərliyinə və təhsil sisteminə olan ictimai etimadı sarsıdır. Bu da təhsil müəssisələrinin idarə olunması ilə bağlı əlavə problemlər yaradır. Uşaqlar arasında qeyri-sağlam qidalanma sosial və psixoloji təsirlərə də səbəb olur, diqqət dağınıqlığı və zəif akademik göstəricilər kimi nəticələrə yol açır”.

Mütəxəssis bildirib ki, problemin həlli istiqamətində məktəblərdə qida təhlükəsizliyi siyasətinin daha sərt tətbiqi, maarifləndirmə işlərinin genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir: “Məktəblərdə satılan qidaların keyfiyyətinə dair sertifikatlaşdırma mexanizmləri yaradılmalı və mütəmadi olaraq yoxlamalar aparılmalıdır. Uşaqlara sağlam qidalanma vərdişləri aşılanmalı, bu məqsədlə məktəb proqramlarına xüsusi dərslər əlavə edilməlidir. Məktəblərin yaxınlığında fəaliyyət göstərən dönərxana və fast food obyektlərinin fəaliyyətinə icazə yalnız qida təhlükəsizliyi standartlarına uyğun olduqları halda verilməlidir.

Dövlət və yerli icra hakimiyyəti orqanlarının bu məsələni diqqətdə saxlaması, sağlam qidalanma ilə bağlı milli strategiyanın hazırlanması və icrası mütləqdir. Təhsil müəssisələri yalnız biliklərin verildiyi məkan deyil, həm də sağlam həyat tərzinin təbliğ edildiyi və tətbiq edildiyi yerlər olmalıdır. Bu istiqamətdə atılacaq addımlar uşaqların fiziki və əqli inkişafını təmin edərək sağlam cəmiyyətin formalaşmasına xidmət edəcək”.

Mövzu ilə bağlı uşaq endokrinoloqu Nabat Ağayeva TNS-ə qidanın uşaqlar üçün ən önəmli həzz nöqtələrindən biri olduğunu bildirib: “Məktəb yaxınlığında qida köşklərinin qoyulması yolverilməzdir. Köşklərdə, market və mağazalarda daha çox işlənmiş qidalar satılır. Məsələn, buğda məhsulu dəfələrə işlənir, müxtəlif dad və əlavələr qatılır, peçenye formasına salınır. Qazlı içkilər, qutularda olan vafli və s. qidalar da eynilə işlənmiş qidalardır. Bu məsələdə böyük problemlərdən biri də odur ki, valideynlər uşağa ev qidası qoya bilmir. Çünki uşaq bu qidanı məktəbə aparmağa utanır. Bu da özünü ətrafda yalnız hissi etməsindən yaranır. Ona görə bütün valideynlər birlikdə bu qaydaya əməl etməlidirlər. Bu işdə sinif rəhbərinin, müəllimin də üzərinə məsuliyyət düşür. Müəllim sinfə işlənmiş qidanın gətirilməsinə qadağa qoymalıdır. O halda, heç bir uşaq gətirdiyi ev yeməyindən utanmayacaq. Bir neçə məktəbdə bu nümunə var və nəticəni görmüşük. Belə olarsa, uşaq həm sağlam böyüyəyəcək, həm də valideynin xərci azalacaq. Məktəb direktorlarının da məsuliyyəti olmalıdır. Biz mütəmadi olaraq məktəb bufetlərinə nəzarət edirik və rastlaşdığmız hal çox acınacaqlıdır. Bol şəkildə işlənmiş cips, saqqız, şokolad kimi qidalar var. Uşaqların bu qidalara əlçatanlığı təmin olunur. Bu, yolverilməzdir”.

Aygün