Təyyarə qəzası ilə bağlı son məlumatlar- RƏSMİ
Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.
TNS Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.
Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.
Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qazaxıstanın Baş nazirinin müavini Bozumbayev bildirib ki, qəza nəticəsində 38 nəfər həlak olub.
Onun sözlərinə görə, mərhumların cəsədləri ağır yanıb və onların şəxsiyyətinin müəyyən edilməsi üçün ayrıca prosedur aparılmalı olacaq. 29 nəfər isə xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır.