Close

“Azəriqaz”ın “ağıllı” sayğac siyasəti - Əhali köhnə sistemin tətbiqindən narazıdır

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən smart kart tipli sayğacların dövriyyədən çıxarılması, yerinə mexaniki sayğacların quraşdırılması prosesindən narazılıq edənlər kifayət qədərdir. Abonentlərin sözlərinə görə, sayğaclarında yaranan problemə görə quruma zəng edən kimi cihazın təmiri yerinə yenisi- mexaniki sayğaclar quraşdırılır. Abonentləri ən çox narahat edən isə bu tipli sayğaclardan sonra qaz sərfiyyatında müşahidə olunan artımlardır.

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TNS-ə bildirib ki, smart kart tipli sayğac ideyası abonentlərin “Azəriqaz”a kütləvi şəkildə borclanmasından sonra yaranıb: “Abonentlərin borclanmasından sonra “əhalinin bir daha borca düşməməsi üçün nə etmək lazımdır?” sualına cavab olaraq, “Azəriqaz”a ölkəyə smart sayğaclar gətirdi. Bu sayğaclar abonentlərin borc problemini tamamilə aradan qaldırdı. Həmin sayğacların tətbiqinə təxminən 2011-2012-ci illərdə başladılar. 2018-ci ildə proses yekunlaşdı. Sayğacların istismar müddəti 27 ildir. Ona görə də hələ ki, Bakıda istismar müddətini ötən sayğac yoxdur. 9 ildən bir cihazın daxilində olan elementi dəyişirlər və sayğac işləməyə davam edir”.

A.Nəsirli hazırda smart tipli sayğacların mexaniki sayğaclarla dəyişdirilməsini geriyə qayıtmaq hesab edir: “Dünya inkişaf edir, bütün ödənişlərin smart qaydada həyata keçirilməsi tətbiq olunur. “Azərişıq” hazırda smart sayğaclardan istifadə etməklə “Azəriqaz”ın uğurunu təkrar etmək istəyir, amma onlar özü bu sayğaclardan imtina edir. Üstəlik, istismar müddəti bitməmiş. Hətta Azərbaycanda quraşdırılan sayğaclar Şərqi Avropa ölkələrində 30 ildən çoxdur ki, istismar edilir. Görünür, “Azəriqaz” geridönüş etməklə yenidən əhalinin qaza görə borclanmasını istəyir. Artıq qaz sərfiyyatının yazılması ilə qaz manipulyasiyasına getmək istəyirlər”.

Ekspert bildirib ki, qurum qaz sayğaclarında yaranan hər hansı problemə görə heç bir zaman özünü günahkar hesab etməyib: “İki il əvvəl “Azəriqaz”ın laboratoriyasında olmuşam və şikayətlərin dinlənilməsi, sayğacların müayinəsi prosesində iştirak etmişəm. 45 abonent sayğacdan şikayət gətirmişdi. Onların heç birində problem tapılmadı. Şikayətçilər bildirdi ki, smartda 500 kub qaz işlənibsə, mexanikidən sonra sərfiyyat 1000 kuba çıxıb. Evdə bütün qazla işləyən cihazlar söndürüldükdən sonra da sayğacların işlədiyi bildirildi. Amma bütün şikayətlərə baxmayaraq, heç bir problem tapılmadı.  Bu günə kimi şikayətlər əsasında aparılan yoxlamlarda “Azəriqaz” hər yerdə “haqlı” çıxır”.    

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev TNS-ə açıqlamasında bildirib ki, əvvəllər abunəçilərin kütləvi sürətdə xeyli debitor borcları yaranmışdı: “Həmin məbləği əhalidən yığa bilmirdik. Bir neçə il bundan əvvəl həmin problemli abonentlərdən debitor borcun yığılması məqsədilə smart kart tipli sayğaclar tətbiq olundu. Hazırda bu sahədə işlər nizamlanıb. Ödənişlərin verilməsi ilə bağlı problemli abonentlər olsa da, bu hal kütləvi deyil. Kommunal xidmətin pulunu ödəmək kimi bir ənənə formalaşıb”.

Cihazların xaricdən gətirilirdiyini və maya dəyərinin çox yüksək olduğunu deyən qurum rəsmisi eyni zamanda, onların təmirinin də mümkün olmadığını vurğulayıb: “O sayğacları geri qaytarmaq və təmirdən sonra ölkəyə təkrar gətirmək maya dəyərindən artıq başa gəlirdi. Ona görə də “Azəriqaz” mexaniki, yəni sonradan ödənişli sayğaca keçir. Yaşma bağları deyilən ərazidə biz bunu pilot layihə kimi həyata keçiririk. Həmin mexaniki sayğaclara xırda cihazlar quraşdırılır. 70-80 evdən, yaxud bir neçə binadan bir ötürücülər vasitəsilə mərkəzə abonenetlərin bütün məlumat bazası yüklənir. Debitor borc yarandığı halda, avtomatik məsafədən qazın verilişinin dayandırılması, borc ödənilən kimi dərhal məsafədən qazın verilişinin bərpa olunması kimi yenilklər həyata keçiriləcək. Yəni, geri qayıtmırıq, əksinə, daha “ağıllı” sayğac sisteminə keçirik. Abonentlərimiz daha rahat olacaq. Bu, geri qayıtmaq deyil. Çox ağıllı sayğaca keçid prosesinin astanasındayıq. Smart kart tipli sayğaclardan dövrü dövlət yoxlaması bitən sayğaclar çıxarılır, yerinə mexaniki sayğaclar tətbiq olunur”.

Aygün