Close

Azərbaycanda bu sahə inkişaf edir - Amma insanlar qorxur...

Azərbaycanda 2019-cu il martın 29-da “Mediasiya haqqında” Qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə artıq 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib.

Məlum olduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır.

Bəs, ötən müddətdə ölkəmizdə bu sahə inkişaf edə bilibmi? Hansı amillər mediasiyanın inkişafına mane olur?

Mövzu ilə bağlı TNS-ə danışan hüquq üzrə fəlsəfə doktoru, dosent, mediator Əlövsət Allahverdiyev mediasiyanın mübahisələrin həlli üçün çox əhəmiyyətli olduğunu bildirib: “Adətən, tərəflər razılığa gəlməkdə çətinlik çəkirlər. Tərəflər çevik olmadıqda, effektiv ünsiyyət qura bilmədikdə, öz emosiyalarının söhbəti idarə etməsinə icazə verdikdə, bir və ya hər iki tərəf kifayət qədər məlumat əldə etmədikdə, tərəflər arasında güc balansı pozulduqda mediasiya uğursuz olur.

Mediasiyanın əhəmiyyəti onun müxtəlif aspektlərdə uğurlu tətbiq oluna bilməsindədir. Medaiasiyanın uğurlu tətbiqi isə onun insanlar tərəfindən düzgün dərk olunması və onun qaydalarına riayət etməsidir.

Əvvəllər insanların ümumiyyətlə, mübahisələrin məhkəmədənkənar həll olunmasına inamları yox idi və bütün hallarda çıxış yolunu ancaq məhkəmələrdə görürdülər. Tədricən, mediasiyanın məhkəmə prosesləri ilə müqayisədə daha az vaxt və maliyyə resursu tələb etdiyini öyrəndilər. Məhkəmə prosesləri illərlə davam edə, bu isə tərəflər üçün həm maddi, həm də mənəvi yükə çevrilə bilər. Mediasiya isə az vaxt ərzində tərəflərin qarşılıqlı razılığı əsasında mübahisələrin həllinə imkan verir və bununla da tərəflərin məhkəmə ilə əlaqəli xərclərini minimuma endirir”.

Hüquqşünas bildirib ki, bu gün artıq çoxsaylı Azərbaycan vətəndaşları mediasiya xidmətlərindən çox rahat şəkildə faydalana bilirlər: “Artıq bu gün çox rahat şəkildə tərəflər arasında razılıq olur və barışıq sazişi bağlanır. Vətəndaşlar çox sivil qaydada nigahın pozulması, əmək mübahisələrinin həll olunmasında razılığa gəlirlər. Bu da mediasiyanın ölkəmizdə uğurlu tətbiqindən xəbər verir.

Məlumdur ki, mediasiyanın ölkəmizdə tətbiqinin o qədər də böyük tarixi yoxdur, bu sahənin özü də ölkəmiz üçün çox gəncdir. Buna baxmayaraq, qısa bir vaxtda mediasiya ölkəmizin hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildi. Ölkəmizdə mediasiyanın tətbiqi ilə bağlı qanunvericilik bazası formalaşıb və bütün fəaliyyət istiqamətləri bu qanunvericiliyin tələbləri əsasında tənzimlənir”.

Mediasiyanın tətbiqini çətinləşdirən amillər nələrdir? 

Əlövsət Allahverdiyev bildirib ki, mediasiyanın ölkəmizdə uğurlu tətbiqi ilə bərabər, həm də onun tətbiqini çətinləşdirən müəyyən maneələr var: “Bu gün mediasiyanın bütün ölkə boyu tanıdılmasına çox ciddi ehtiyac var. Yəni hər şey mərkəzdə həll olunmur. Bölgələrdə kifayət qədər ciddi problemlər mövcuddur. İnsanların maarifləndirilməsini vacibdir.

elovset21

İnsanları mediasiyadan çəkindirən dörd əsas səbəb var:

1. Qorxu - tez-tez problemlə və ya qarşı tərəflə üzləşmək qorxusu. Boşanma vəziyyətində əlaqəni bitirmək fikri çox qorxulu ola bilir, qarşı tərəfin gözlənilməz qərarı ilə üzləşmək qorxusu olur.

2. Yanılış məlumat – insanlarda mediasiya haqqında yanılış məlumat var, bu səbəbdən onlar aldqları səhv məlumatların izi ilə gedir və mediasiyaya aid olmayan suallarla mediatoru məşğul edir, burada da ancaq özünə uyğun formada cavab almaq istəyir, onu ala bilmədikdə müraciət etməyə tərəddüd edir.

3. Qərar vermədə tərəddüd etmə - tərəflərdən biri nikaha xitam verilməsi ilə bağlı mediasiyaya müraciət edir. Qarşı tərəflə əlaqə saxlanan zaman o, boşanmaq istəmədiyini bildirir və bu, demək olar ki, təklifi verənin də qərarını qətiləşdirməyə mane olur.

4. Vətəndaşlar bəzən mediasiya xidmətinin çox baha olması ilə bağlı doğru olmayan məlumata malik olurlar. Bəzən elə düşünürlər ki, mediasiyaya müraciət etmək üçün mütləq vəkil tutmalıdırlar və vəkilə ödəniləcək məbləğ onları qorxudur, bu səbəbdən də mediasiyadan yayınırlar.

Qeyd olunanlara baxmayaraq inamla bildirirəm ki, çox yaxın zamanda ölkəmizdə sürətlə mediasiya institutu tam formalaşacaq və böyük uğurlara imza atacaq. Bunu gercəkləşdirməyi bacaran uğurlu mediatorlarımız var”.

Aygün İbrahimli