Məktəbəqədər təhsildə yenilik - Evlər bağçaya çevriləcək
Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra ediləcək.
Elm və Təhsil Nazirliyinin bu yeni layihəsində məktəbəqədər yaşında uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə ediləcək.
Bu yeni modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimə çevrilir. Yeni layihə bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək.
Bu məqsədlə kəndlərdə uyğun şərait olan, təhlükəsizlik tələblərinə cavab verən evlər seçiləcək.
Bu yeni model hansı zərurətdən tətbiq olunur və hansı müsbət tərəfləri ola bilər?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi TNS-ə açıqlamasında bildirib ki, regionlarda, xüsusilə məktəbəqədər təhsillə bağlı bir az sıxıntılar var: “Bəzi valideynlər öz azyaşlı övladlarını istər məktəbəqədər, istərsə də itidai təhsil sahəsində məktəbə bir az gec göndəməkdə maraqlıdırlar. Biz uşaqları vaxtında təhsil müəssisələrinə yönləndirməyə çalışmalıyıq. O cümlədən, məktəbəqədər təhsilə.
2-3 il əvvələ qədər məktəbəqədər təhsillə bağlı vəziyyət ürəkaçan deyildi. Son illərdə bir az dəyişklik var. Məktəbəqədr təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu istiqamətdə müəyyən islahatlar aparılıb”.
Mütəxəssis bölgələrdə “ailə tipli təlim qrupları”nın yaradılmasının məktəbəqədər yaşda olan uşaqların müvafiq olaraq bilik və bacarıqlarını məktəbəqədər dövrdə formalaşdırılmasına hesablandığını deyib: “Bu yeni layihə uşaqlarda müəyyən vərdişlərin formalaşmasına, onların bilik və bacarqılara yiyilənmələrinə gətirib çıxararacaq. O baxımdan, bu yeni prosesi həm etibarlı, həm effektiv adlandıra bilərəm. Bu yaşda uşaqların təhsilə cəlb olunması müsbət addımdır. Biz çalışırıq ki, ən az 2-3 yaşdan etibarən uşaqları müəyyən qədər təhsilə yönəldə bilək. Bu halda onlar yuxarı təhsil pilləsinə keçiddə bir o qədər çətinliklə üzləşmir, daha hazırlıqlı olurlar”.
Aygün