AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bir neçə aydır ki, "BakıKart"ların mobil tətbiqində problem yaranıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) bununla bağlı ünvanlanan suallara məsələnin həlli istiqamətində işlərin görüldüyü bildirilsə də, 4 aydan artıq müddətdir, problem aradan qaldırılmayb. AYNA hələ bu ilin avqustun əvvəlində açıqlama vermişdi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır: “Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.
Sərnişinlər aylardır, alternativ ödəmə üsullarından istifadə edirlər, amma AYNA bir “texniki” nasazlığı aradan qaldıra bilmir. Qurumun "yaxın zamanda problem həllini tapacaq”, - açıqlamasının zamanı gəlmir ki, gəlmir...
Əslində "BakıKart"ların mobil tətbiqi istifadəyə verildiyi vaxtlarda mütəxəssislər bu sistemin təhlükəsizliyi ilə bağlı problem olduğunu bildirirdilər. Ekspertlər elə o vaxtdan sistemin uzun müddət davam etməyəcəyini deyirdilər. Sonda onlar haqlı çıxdı. İlin sonuna bir neçə gün qalmasına baxmayaraq, problem həll edilməyib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı TNS-in bu barədə sualına cavabında deyib ki, "BakıKart"la bağlı problem artıq neçə aydır, davam edir: “Bu, əvvəldən gözlənilən bir vəziyyət idi. "BakıKart" Azərbaycanda tətbiq edilməyə başlananda onunla bağı nə vaxtsa, problem çıxa biləcəyini mütəxəsislər qeyd etmişdi. Bu kartlarla bağlı yerli şirkət yaratmaqla təhlükəsizliyimizi qoruya bilərik. Yəni, bu kartların zəmanəti olmalıdır ki, nəsə bir problem çıxanda alternativ variantdan istifadə edilsin. Amma olmadı. Hələ də "BakıKart" sistemini tam bərpa edə bilməyiblər. Ciddi problemlər qalmaqdadır. Kimin kartında nə var, bilinmir. Artıq bir neçə şirkət tərəfindən müraciətlər almışıq, onlara gündəlik pul verilməlidir. Amma belə qeyri-müəyyən bir vəziyyət yaranıb, pul verilmir. Deyək ki, şirkətin 200 min manatlıq dövriyyəsi var, amma ona standart 100 min manat verirlər ki, qalanına da sonra baxarıq. Şirkətlər də əziyyət çəkir. Yəni, döriyyəsi 80 min olana da, 200 min olana da 100 min verilir. Belə bir vəziyyət yaranıb. AYNA-dan biz də soruşmuşduq, demişdilər, noyabr ayının sonunda düzələcək. Amma indi dekabrın axırıdır, hələ də düzəlməyib, problemlər davam edir".
Ayşən Azadova