Tələbələr narazılıq edir: "Vaxtımızın çoxu dərsə yox, ev axtarmağa gedir"
Bölgələrdən paytaxta gələn tələbələrin mənzil problemi hər zaman aktual məsələlərdəndir.
İllərdir, bu məsələ gündəmə gəlsə də, həllini tapmır.
Kirayə mənzil axtaran tələbələr öz ciblərinə uyğun rahat şəraiti olan mənzil tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti adətən, 300 - 400 manatdan başlayır ki, bu da bölgələrdən Bakıya üz tutmuş tələbələrin cibinə uyğun deyil. Hazırda ali məktəblərin yataqxanalarında yerlərin azlığı ciddi məsələdir.
TNS-in əməkdaşı regionlardan təhsil üçün Bakıya gələn tələbələrin yaşayış yeri ilə bağlı sorğu aparıb.
Gəncə şəhərindən gəlmiş tələbə Elvin Məmmədov bildirib ki, paytaxtda kirayə evlərin qiyməti çox yüksəkdir: "Mən Bakıda təhsil almaq üçün gəldim və ilk gündən kirayə ev tapmaq çox çətin oldu. Qiymətlər həddindən artıq yüksəkdir, tələbə büdcəsinə uyğun gəlmir. Yataqxanalarla maraqlandım, amma yer sayı məhdud olduğu üçün mənə yer tapılmadı".
Şirvandan olan Aytac Əliyeva da yataqxanaların azlığından şikayət edib: "Universitetin yataqxanası var, amma az sayda tələbəni qəbul edir. Üstəlik, orada yaşamaq üçün həm yüksək nəticələr göstərməli, həm də sosial vəziyyətin aşağı olmalıdır. Mən bu kriteriyalara uyğun gəlmədiyim üçün kirayə mənzil axtarmaq məcburiyyətində qaldım".
Hər gün Sumqayıtdan Bakıya gələn Orxan Rəhimov da paytaxtda kirayə mənzillərin baha olmasından gileylənib: "Biz ailə olaraq Bakıdan uzaqda yaşayırıq. Hər gün Sumqayıtdan gəlib-getmək həm maddi, həm də fiziki baxımdan çox çətindir. Bakıda kirayə mənzil tapmaq baha başa gəlir, xüsusilə də tələbələr üçün heç bir güzəşt yoxdur".
Lənkəran şəhərindən gələn Nərmin Quliyeva tələbə yoldaşları ilə birlikdə kirayə ev tutmağın daha uyğun variant olduğunu deyib: "Yataqxanada yaşamaq istədim, amma yer çox məhduddur və qəbul şərtləri mürəkkəbdir. Kirayə mənzil üçün isə tələbələrin bir araya gəlib birlikdə yaşamağa çalışması ən yaxşı variantdır, amma bu da həmişə asan olmur. Ev sahibləri tələbələrə çox vaxt güvənmir”.
Quba şəhərindən paytaxta üz tutan İsmayıl Həsənov zamanlarının dərs oxumaqdan çox kirayə mənzi axtarmağ sərf olunduğunu bildib: "Kirayə evlərin qiymətləri ilbəil artır. Universitetlərin yataqxanalarının olmaması və ya məhdud sayda olması tələbələri daha çox çətinliklərlə üz-üzə qoyur. Dərslərə fokuslanmaq əvəzinə vaxtımızın çoxu mənzil problemi həll etməyə gedir".
Qeyd edək ki, bir çox ölkədə tələbələrin barınma problemi dövlət və özəl yataqxanaların sayının artması ilə həll olunub. Çox ucuz qiymətə olan dövlət yataqxalarında yerlər məhdud olduğundan, bu sahə də biznesin bir hissəsinə çevrilib. Yaşadıqları şəhərlər təhsil aldıqları şəhərlərdən olan tələbələr üçün özəl yataqxanalar tikilərək, istifadəyə verilir. Bu yataqxanalar dövlət yataqxanalarından cüzi baha olsa da, hotel və kirayə mənzillərdən qat-qat ucuz olur. Nəticədə maddi durumu kirayə ev tutmağa uyğun olmayan tələbələrə alternativ imkanlar təklif edilir, onlar vaxtlarını mənzil axtamağa yox, dərsə sərf edirlər.
Ayşən Azadova